Parlament Mehdiyevin işğalında? - Spikerin sağı-solu kimə işləyir?

Ramiz Mehdiyev işi ilə bağlı Milli Şura və ona bağlı şəxslərin adı daha çox hallansa da pərdəarxası başqa proseslər də gedir. 

Dec 17, 2025 - 13:03
Parlament Mehdiyevin işğalında? - Spikerin sağı-solu kimə işləyir?

SAVASHMEDİA.az xəbər verir ki, hakimiyyət mətbəxinə yaxın mənbələrdən sızan məlumata görə iqtidar daxilində də sakit şəkildə mehdiyevçi şəxslərin təmizlənməsi işi aparılır. 

Bu sırada Milli Məclis üzvlərinə xüsusi diqqət yetirilir. Ramiz Mehdiyevin zamanında əlində olan siyasi hakimiyyət vasitəsi ilə parlamentə xeyli şəxs yerləşdirdiyi şübhəsizdir. Amma məsələ burasındadır ki, hazırda ali qanunverici orqanı rəhbərinin sağı və solunun birbaşa Mehdiyev komandasının üzvü olması haqda ciddi şübhələr var. Söhbət iki vitse-spiker-bitərəflərin təmsilçisi Musa Qaımlı və müxalifət nümayəndəsi Rafael Hüseynovdan gedir. 

“Mehdiyevin mirzəsi” iddiası

Musa Qasımlının R.Mehdiyevlə əlaqələri haqqında mediada kifayət qədər yazılıb. Bu məsələdə iddia olunan məqamlardan biri də Qasımlının akademikin kitablarını yazmasıdır. Uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş şəxsin elmi karyerasından çox siyasi karyerasını önəmsədiyi aydındır. O zaman ortaya belə bir sual çıxır: Bəs bu qədər elmi əsərin müəllifi kimdir?  əlumatlara inansaq, Ramiz Mehdiyevin müəllifliyi ilə 23 il ərzində 32 kitab nəşr olunub. Bu hər il ən azı (!) 1 kitabın işıq üzü görməsi deməkdir.

Sual edə bilərik, Ramiz Mehdiyev hər il bir "samballı” əsər yazmağı necə bacarıb? Yoxsa, 24 saat dövlətin taleyini düşündüyünü iddia edən Ramiz Mehdiyevin əvəzinə bu əsərləri kimlərsə yazıb? Bax elə bu sualın cavabında Musa Qasımlının adı tez-tez səslənib. Sadalanan məqamlar da Ramiz Mehdiyevin tabeliyində olan və ya yaxşı əlaqələri malik olduğu şəxslərdən elmi əsərlərinin və məqalələrinin yazılmasında faydalandığını sübut edir. 

Musa Qasımlı da Mehdiyevə sevgisini gizlətməyib və zamanında ən bariz formada ifadə edib. Demək 2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sı çap olunub. Biblioqrafiyanın “Azərbaycanın dövlət elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində AMEA-nın müxbir üzvü Musa Qasımlının ürək sözləri əsl “şedevrdir”. O yazır: “Hələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın elm, təhsil və mədəniyyətinin inkisafı ilə bağlı qəbul edilən qərarların hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin xüsusi xidmətlərinin olduğu danılmazdır”. Azərbaycanın yaxın tarixi ilə azdan-çoxdan məlumatlı şəxs bilir ki, Heydər Əliyev vəzifədən getdikdən sonra ona qarşı açıq çıxış edənlərdən biri məhz Mehdiyev olub və onun “politiçeyskiy trup” ifadəsi çoxlarının yaddaşındadır. Amma cənab Qasımlının bundan xəbəri yoxmuş…

Bu xəbərsiz tarixşünas bir az da qabağa gedib həmin məqaləsində yazır: “1980-ci illərin sonlarında Ermənistandan – tarixi torpaqlarından azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan ziyalıların qarşısına çıxmağa, onların suallarını cavablandırmağa mənəvi haqqı olan çox azsaylı dövlət xadimlərindən biri Ramiz Mehdiyev idi.” Yalanın bu qədəri də olmaz, axı. Elə həmin dövrdə ermənilərin Azərbaycana qarşı ərazi iddalarına milli düşüncəli alimlərin etirazını Ramiz Mehdiyev “Bu vahid sovet ailəsinə qarşı təxribat, milli ədavət yaratmaqdır deyə” yatırtmaq istəyib.

Mehdiyevin sayəsində mandat qazanıb

Adı Ramiz Mehdiyevlə hallanan digər vitse-spiker Rafael Hüseynovun tərcümeyi-halından gizlətdiyi bir məqam da var. O, 1993-cü ildən 1997-ci ilədək “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinin əməkdaşı olub. Amma nədənsə bunu öz tərcümeyi-halında qeyd etmir. R.Hüseynovun Milli Məclis, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyinin rəsmi saytlarında yerləşdirilən şəxsi məlumatlarında, o cümlədən vikipediyasında vaxtilə “Amerikanın səsi”ndə işləməsi qeyd olunmayıb. 

Sovet dövründə DTK-nın xüsuzi nəzarətində olan şərqşünaslıq fakültəsini bitirib xalq hərakatında iştirak etməyən, yəni heç bir siyasi prosesdə olmayan bir şəxsin birdən birə “Amerikanın səsi” radiosunda peyda olması ciddi şübhələr yaradır. R.Hüseynovun Akademiya sistemində Ramiz Mehdiyevə arxalanması ilə bağlı tanınmış jurnalist Aygün Muradxanlının illər öncə yazdığı bir yazıdan bəzi məqamlara diqqət yetirək: “ AMEA-da Mahmud Kərimovun prezidentliyi dönəmində “Nizami muzeyi”nin direktoru, Ramiz Mehdiyevin “любимчик”i Rafael Hüseynov binanın birinci mərtəbəsini bazara döndərmişdi. Türkiyənin ünlü alimləri yox, bərbərləri Rafaelin adını tutub Bakıya gəlir, muzeyin birinci mərtəbəsində od qiymətinə yer kirayələyir, 50 manata saç kəsirdilər. Yves Rocher mağazası dönərxanaya, şərf dükanı təsbeh dükanına qarışmışdı. 

Rəfael Hüseynov bu qədər mağazanı uzun illər birinci mərtəbədə yerləşən “Azərkitab”ın yerini qarış-qarış daraltmaqla açırdı. İş o yerə gəlmişdi ki, kitab mağazası 25-30 kv metrə sıxışdırılmışdı. Rafael Hüseynov 14 ayda binanın parket döşəməsini 3 dəfə dəyişdirmişdi. Başdan-başa… Təsəvvür edirsiz? O boyda binanın parketini… Hər kəs bilir ki, parket tikinti materialları içərisində ən bahalılarından, həm də ən gec korlananlarındandır. Ən iti dişli siçovul belə bunu bacarmazdı. Sonra büdcədən çırpışdırdıqlarını Ramiz əmisinə ötürüb əvəzində mandat aldı… 

AMEA prezidenti Mahmud Kərimov hər şeyi detallı danışdı. Bəlli oldu ki, Rafael Hüseynov bu işləri onunla məsləhətləşmədən edir, ad çəkmədən anlatdı ki, onun Rafaeli müdafiə edən adama gücü çatmır… Çox pərt idi. Dedi, o tərəfə baxanda xəcalət çəkirəm, amma bir şansımız var – Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı ora dəvət etmək. Rəhmətlik onu da xahiş etdi ki, həm bu, həm də başqa kitab dükanları məsələsini gündəmdə saxlayaq. Heç 1 həftə keçmədi Mehriban xanım mağazaya baş çəkdi. Düz 1 ay sonra bütün ticarət obyektləri ordan çıxarıldı, yanılmıramsa, 300 kv metr “Azərkitab”a ayrıldı”. 

Bütün bu deyilənlərə sabiq deputat Cümşüd Nuriyevin bir iddiasını əlavə etmək qalır: “2000-ci il parlament seçkilərində VHP-nin siyahısı hazırlandı, təsdiqləndi, hamı gördü. Bir gecə siyahını dəyişdilər, məni və Əsgər Məmmədovu oradan çıxardılar. Rafael Hüseynova VHP üzvü olmaya-olmaya üçüncü yer verildi. Biz də ilk dövrlər elə bilirdik ki, bunu Sabir Rüstəmxanlı edib. Sonra öyrəndik ki, VHP-nin siyahısını Ramiz Mehdiyev dəyişdirdib”. 

Bütün bunların ardınca Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynovun parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP-nin vitse-spikerə töhmət verməsini təsadüf hesab etmək olmaz. VHP kimi loyal partiyanın parlament rəhbərliyində təmsil olunan şəxsə qarşı bu addımının “yuxarılar”ın icazəsi olmadan atmasını düşünmək çətindir. 

Demək, yaxın günlərdə digər vitse-spiker və Mehdiyev komandasına daxil deputatlarla da bağlı hansısa tədbirləri gözləmək olar.

Oğuz