Putin Ukrayna ərazilərini 3 dövlət arasında belə böldü - Çıxışın MƏTNİ
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın gələcəkdə qərb ərazilərini itirəcəyini iddia edib.
SAVASHMEDİA.az xəbər verir ki, Putin bu barədə Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ilə görüşdə danışıb.
"Əminəm ki, gec-tez Ukrayna bu qərb torpaqlarını itirəcək. Vaxtilə Polşaya, Macarıstana və Rumıniyaya məxsus olan ərazilər gec-tez tarixi yerinə qayıdacaq. Bu, sabah da ola bilər, 10-15 ildən sonra da", - Rusiya lideri bildirib.
Putin həmçinin Rusiyanın Ukraynanın ərazi bütövlüyünün yeganə təminatçısı olduğunu iddia edib və Ukraynada daxili parçalanmanın yaşandığını söyləyib.
Xatırladaq ki, Putin "vaxtilə Polşaya, Macarıstana və Rumıniyaya məxsus olan ərazilər" dedikdə əsasən Ukraynanın qərbində yerləşən tarixi bölgələri nəzərdə tutub.
Söhbət əsasən bu ərazilərdən gedir:
Lvov (Lviv), Volın və Ternopil - İkinci Dünya müharibəsinədək Polşanın tərkibində olub.
Zakarpatya (Transkarpatiya) - vaxtilə Macarıstan Krallığının, daha sonra Çexoslovakiyanın tərkibində olub.
Şimali Bukovina (Çernivtsi vilayətinin böyük hissəsi) - 1940-cı ilə qədər Rumıniyaya məxsus olub.
Bu bölgələr 1939–1945-ci illərdə baş verən hadisələrdən sonra Sovet İttifaqının, daha sonra isə müstəqil Ukraynanın tərkibinə daxil edilib.
Səlcuq