Qaydasız döyüş - Anlatma

Qaydasız döyüş anlayışı həyatımıza daxil olduğu zamandan bir çox təkbətək döyüş növləri – boks, güləş, cüdo, sambo, hətta karate də öz cəlbediciliyini itirib. 

Apr 9, 2025 - 13:35
Qaydasız döyüş - Anlatma

“MMA” (em-em-ey), “ONE” (uan), “UFC” (yu-ef-si) – bunlar ən populyar qaydasızlardır. Amma onların amansızlığı, rəhmsizliyi, qəddarlığı haqqında gəzən hər hansı söhbəti gəlin əvvəldən kənara qoyaq. Bu döyüş növlərinin hər birində qaydalar var. Onlar yalnız fərqlənir. 

Hansındasa yerdə olan rəqibin başına təpik endirməyə icazə yoxdur. Birində dirsəklə sifətə, başa zərbə qadağandır, digərində qayda deyir “vur!”. Ümümi qaydalar da mövcuddur: peysərə vurmaq, gözləri barmaqla basmaq, qasığa hər hansı zərbə – qəti qadağandır. Qadağan, qadağan – sonra isə deyirlər ki, döyüş qaydasızdır.

Rəqibin nəfəsini kəsmək olar. Boğmaq, taqətdən salmaq hətta məqsəddir. Onun boğulub ölməməsinə hakim nəzarət edir. Ayaq üstündə olan döyüşçülər bir-birinin üzünə, gicgahına amansızcasına ayaq zərbəsi endirə bilərlər. Bu, milyonların sonsuz maraqla, coşğun həvəslə izlədiyi tamaşa, əyləncədir. Azğın tamaşa! Qazanc futboldakı, basketboldakı qədər çox olmur, amma qəddarlığa ciddi surətdə həvəs oyadır.

Əslində, bu döyüş növlərinin heç biri qaydasız deyil. Yalnız ad belədir. Amansız kütlənin zəif damarını tutmaqdan ötrü. Hamısında norma, məhdudiyyət var. Digər tərəfdən, küçədə də haqq işi uğrunda vuruşsan, nə qədər haqlı olsan belə, zərbənə həmişə nəzarət edir, həddi gözləyirsən. Yoxsa cinayətkarı öldürüb, özün cinayətkar olarsan.

Bircə qaydasız döyüş var – müharibədə. Əlbəyaxa döyüşdə düşməni öldürdüyünə görə heç kəs səni qınamayacaq. Hətta qəhrəman adlandıracaq, medal verəcəklər.

A.ƏZİZ