“Qəzzadakı müharibə rəsmən başa çatdı” - Tramp təsdiqlədi  

ABŞ prezidenti Donald Tramp Qəzzadakı müharibənin rəsmi olaraq başa çatdığını təsdiqləyib. 

Oct 13, 2025 - 13:57
“Qəzzadakı müharibə rəsmən başa çatdı” - Tramp təsdiqlədi  

SAVASHMEDİA.az bu barədə CNN telekanalına istinadən xəbər verir.
 
Tramp Qüdsdəki Knesset binasına yaxınlaşarkən jurnalist ona “müharibə rəsmi olaraq bitdimi” sualını verib. 

“Bəli”, - deyə Tramp cavab verib. Bu zaman o, mövqeyini və  əldə olunmasına kömək etdiyi atəşkəsin münaqişənin daimi sona çatması demək olduğu barədə əvvəlki şərhlərini təkrarlayıb.

Bundan öncə isə Tramp İsrail parlamentinin ziyarətçilər kitabına belə ismarıc yazıb: “Bu, mənim üçün böyük şərəfdir – əhəmiyyətli və gözəl gündür. Yeni başlanğıcdır”.

Xatırladaq ki, HƏMAS qruplaşması bu gün səhər saatlarında ilk yeddi girovu azad edərək Qırmızı Xaç təşkilatına təhvil verib. Sonradan qruplaşma daha 13 nəfəri azad edib. Beləliklə, iki ildən artıq əsir saxlanılan girovların hamısı evlərinə dönüblər. 

Girovlar ABŞ prezidenti Donald Tramp administrasiyasının iştirakı ilə əldə olunan atəşkəs sazişi çərçivəsində azad edilir.

Xatirə SADİQ