“Qiyamət radiosu” rusca bu sözü səsləndirdi, ardınca rəqəmlər gəldi - Mesaj kimədir?
Rusiyanın ən sirli radio tezliklərindən hesab olunan UVB-76 üç günlük fasilədən sonra yenidən səsli mesaj yayımlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, dünyada “Qiyamət günü radiostansiyası” və “The Buzzer” (“Vızıltı”) kimi tanınan stansiyanın efirində bu dəfə də mənası açıq şəkildə bilinməyən sözlər və rəqəmlər səslənib.
Məlumata görə, efirdə əvvəlcə “Pereşib”, ardınca isə rus dilində “yaxın” mənasını verən “Blişayşiy” sözü səsləndirilib. Daha sonra isə hansısa kod olduğu ehtimal edilən rəqəmlər ötürülüb.
Mesajın kimə ünvanlandığı və konkret nə məna daşıdığı məlum deyil.
Onilliklərdir eyni siqnalı yayımlayır
UVB-76 uzun illərdir 4625 kHz tezliyində fəaliyyət göstərir. Stansiyanın əsas xüsusiyyəti saniyələrlə təkrarlanan monoton vızıltı səsidir. Lakin müəyyən vaxtlarda bu səs kəsilir və efirdə rus dilində sözlər, hərflər və rəqəmlərdən ibarət mesajlar eşidilir.
Stansiya 1970-ci ilin sonlarından fəaliyyət göstərir. Onun dəqiq təyinatı uzun müddət sirr olaraq qalıb. Hazırda ixtisaslaşmış radio monitorinq mənbələri UVB-76-nı Rusiya hərbi komanda şəbəkələrindən biri kimi xarakterizə edir.
Niyə “Qiyamət günü radiostansiyası” adlandırılır?
UVB-76 ətrafında illərdir müxtəlif versiyalar dolaşır. Ən məşhuru onun Rusiyanın nüvə cavab sistemlərindən biri, hətta “Dead Hand” kimi tanınan avtomatik nüvə cavab mexanizmi ilə əlaqəli olması barədə nəzəriyyədir.
Lakin UVB-76-nın “nüvə müharibəsi başlayanda avtomatik işə düşən sistem” olması təsdiqlənməyib. Buna görə radiostansiyanın efirə çıxmasını birbaşa hərbi əməliyyat və ya nüvə təhlükəsi ilə əlaqələndirmək doğru deyil.
Sirr isə hələ də qalır
Ən maraqlı məqam budur ki, “Pereşib”, “Blişayşiy” və ardınca səsləndirilən rəqəmlərin konkret mənasını kənardan müəyyənləşdirmək mümkün deyil. Bu, radio stansiyasının həqiqətən hansı tapşırıq və ya məlumatı ötürdüyü barədə sualları yenidən gündəmə gətirib.
UVB-76-nın sirri də məhz buradadır: dünyanın müxtəlif yerlərində insanlar onun 4625 kHz tezliyindəki vızıltısını eşidə bilir, lakin efirdə qəfil səslənən sözlərin arxasında nə dayandığını yalnız həmin şəbəkənin operatorları bilir.
Hazırda isə məlum olan yalnız budur: “Qiyamət günü radiostansiyası” yenidən danışıb və efirdə yenə sirli kodlar eşidilib.
Səlcuq