Bu ölkələr İrana görə HƏDƏFDƏ - Siyahıda Türkiyə də VAR

ABŞ Prezidenti Donald Tramp İranla bağlı təzyiq siyasətində yeni mərhələyə keçildiyini açıqlayıb.

Aug 20, 2026 - 21:38
Bu ölkələr İrana görə HƏDƏFDƏ - Siyahıda Türkiyə də VAR

SAVASHMEDİA.az xəbər verir ki, Tramp İrana hər hansı formada iqtisadi dəstək göstərən ölkələrin də ABŞ-nin hədəfinə çevriləcəyini bildirib.

Tramp sosial şəbəkədəki paylaşımında İranın maliyyə qurumlarına, bizneslərinə, hava limanlarına və dövlət strukturlarına hər hansı formada “həyat xətti” verən ölkələrin çox ciddi iqtisadi nəticələrlə üzləşəcəyini qeyd edib.

ABŞ lideri yeni siyasəti İran iqtisadiyyatına qarşı “misli görünməmiş iqtisadi müharibə və təcrid” kimi təqdim edib. Bununla Vaşinqtonun yalnız Tehrana deyil, İranla ticarət və maliyyə əlaqələrini davam etdirən tərəfdaşlara da təzyiq göstərə biləcəyi mesajı verilib.

Trampın xəbərdarlığı İranın əsas ticarət tərəfdaşlarını çətin vəziyyətə sala bilər. Xüsusilə Çin diqqət mərkəzindədir. Çin İran neftinin əsas alıcısı olaraq qalır və 2025-ci ildə İrandan gündəlik təxminən 1,38 milyon barrel neft idxal edib.

İran isə Vaşinqtonun yeni təhdidlərinə sərt reaksiya verib. İranın xarici işlər naziri Abbas Əraqçi Trampın açıqlamalarını ABŞ-dəki daxili iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib.
Bu arada ABŞ maliyyə naziri Skott Bessent İranla bağlı “indiyədək tətbiq edilmiş ən sərt sanksiyaların” hazırlanacağını bildirib və Çini Vaşinqtonla əməkdaşlığa çağırıb.

İranla mühüm iqtisadi əlaqələri olan digər ölkələr arasında Türkiyə, BƏƏ, İraq, Oman, Pakistan və Hindistan da var. Türkiyənin İranla illik ticarət dövriyyəsi təxminən 5–6 milyard dollar təşkil edir.