Şəhidləri təhqir edən ərəbə şillə vuran gənc tutulacaq? - AÇIQLAMA
Məlum olduğu kimi, Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib. Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar. Onların məhkəməyə aparılması zamanı insident yaşanıb.
Belə ki, proses zamanı bir azərbaycanlı gənc onlardan birinə şillə vuraraq sözlü təhqir edib.
Həmin gəncə bu hərəkətinə görə hansısa cəza tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, hadisəyə hüquqi qiymət verərkən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə - xırda xuliqanlığa diqqət yetirilməlidir.
Onun sözlərinə görə, bu maddə ictimai qaydanı pozan hərəkətləri nəzərdə tutur:
“Hadisəni hüquqi müstəvidə qiymətləndirərkən diqqət yetirməliyik ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətləri nəzərdə tutur. Bu maddənin dispozisiyası çox genişdir və həm zor tətbiq olunmaqla, həm də zor tətbiq olunmadan törədilən hərəkətləri əhatə edir.
Konkret halda ərəb turistlərə qarşı şillə vurulması ictimai yerdə baş verib və ictimai asayişin pozulmasına səbəb olub. Hərçənd bu, bir çoxlarının emosional reaksiyası ilə izah oluna bilər, amma hüquqi planda həmin hərəkət xırda xuliqanlıq tərkibini yaradır”.
Hüquqşünas qeyd edib ki, şillə vurmaq da xırda xuliqanlıq hesab olunur:
“İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, belə hallara görə 50 manatdan 100 manata qədər cərimə, yaxud işin hallarından və şəxsin şəxsiyyətinə görə 15 günədək inzibati həbs cəzası tətbiq edilə bilər.
Burada əsas məqam odur ki, qanunverici xırda xuliqanlıq anlayışına həm söyüş, təhqir, ictimai yerdə nalayiq davranış kimi zor tətbiq edilməyən hərəkətləri, həm də digər şəxslərə qarşı zor işlədilməsini daxil edir. Deməli, vurulan şillə də bu maddənin əhatə dairəsinə düşür.
Praktikada məhkəmə işin konkret hallarını, gəncin hərəkətinin motivini, şəhidlərin təhqiri fonunda yaranmış emosional vəziyyəti nəzərə alacaq. Amma hüquqi müstəvidə, bu əməl İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyət doğuran xırda xuliqanlıq kimi qiymətləndirilə bilər”. (cebheinfo.az)