Səudiyyə şahzadəsi Qaşıqçı cinayəti üzrə istintaqa cəlb olunur
Fransada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Al Səud barəsində istintaq başladılıb.
SAVASHMEDİA.az xəbər verir ki, vəliəhd şahzadə jurnalist Camal Qaşıqçının işgəncəyə məruz qalması və zorla yoxa çıxarılmasında (öldürülmə) iştirakda ittiham olunur.
Paris Apellyasiya Məhkəməsinin 2026-cı il mayın 11-də qəbul etdiyi qərardan sonra insan hüquqları təşkilatları “Trial International” və “Sərhədsiz Reportyorlar” tərəfindən təqdim edilən şikayətlər məhkəmə tərəfindən icraata qəbul olunub.
Aparılacaq istintaqa “Fransada insanlığa qarşı cinayətlər üzrə şöbənin istintaq hakimi” rəhbərlik edəcək.
Qeyd edilib ki, Məhəmməd bin Salmana qarşı şikayət Democracy for the Arab World Now (DAWN) və “Trial International” tərəfindən hələ 2022-ci ilin iyulunda, onun Fransaya rəsmi səfəri ərəfəsində təqdim olunub.
Xatırladaq ki, Camal Qaşıqçı ABŞ-də yaşayıb və “The Washington Post” üçün Səudiyyə Ərəbistanını tənqid edən məqalələr yazıb. Camal Qaşıqçı nikah üçün sənədlər almaq məqsədilə 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Günlərlə jurnalistdən xəbər almaq mümkün olmayıb. O, konsulluqda Səudiyyə Ərəbistanı agentləri tərəfindən boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünüb.
ABŞ kəşfiyyatının 2021-ci ildə yayımladığı hesabatda vəliəhd şahzadənin qətldə birbaşa məsuliyyət daşıdığı iddia edilib. Məhəmməd bin Salman qətli sifariş verdiyini inkar etsə də, hadisənin “nəzarəti altında” baş verdiyini etiraf edib. ABŞ Prezidenti Donald Tramp bir müddətdən sonra Məhəmməd bin Salmanın bu hadisədə rolunu inkar edərək şahzadənin jurnalistin qətli ilə bağlı heç nə bilmədiyini deyib.
Banu