Tayvan prezidenti “parazit” adlandırıldı
Çin hakimiyyəti Tayvanın şimal, cənub və şərq sahillərində genişmiqyaslı hərbi təlimlər keçirəcəyini elan edib.
SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, təlimdə quru qoşunları, dəniz qüvvələri, hava qüvvələri və raket qüvvələri iştirak edir. Çinin Xalq Azadlıq Ordusunun (AXO) sözçüsü Şi Yi bildirib ki, təlimlər ada respublikasındakı “separatçı” qüvvələrə “sərt xəbərdarlıq” göndərəcək.
Maraqlıdır ki, Pekin təlimləri ABŞ-nin müdafiə naziri Pit Heqsetin Yaponiya və Filippinə səfərindən sonra keçirir.
“Reuters” xəbər verib ki, həmin səfər zamanı amerikalı nazir Çin hakimiyyətini tənqid edib və Çin təcavüzünə qarşı mübarizədə Tokionun əvəzolunmazlığınu nəzərə çatdırıb.
Çin isə Tayvan prezidenti Lay Tsindanı “parazit” adlandıran təbliğat videoları yayıb. Həmin videolarda tayvanlı lider yaşıl böcək obrazında təqdim edilib. O, alışıb yanan Tayvan üzərində yemək üçün çubuqlarla saxlanılan yaşıl böcək kimi təsvir olunub.
Tayvan hökuməti təlimləri pisləyib. Prezident administrasiyası isə Çinin beynəlxalq ictimaiyyət tərəfindən problem yaradan ölkə kimi tanındığını və hökumətin özünü müdafiə etmək qabiliyyətinə əmin olduğunu bildirib.
Tayvanın Müdafiə Nazirliyi həmçinin bazar ertəsi adaya yaxınlaşan Çinin “Shandong” aviadaşıyıcı qrupuna cavab olaraq hərbi təyyarələr, gəmilər və aktivləşdirilmiş quru raket sistemləri göndərdiyini bildirib.
Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, təlimlər milli suverenliyi müdafiə etmək və milli birliyi qorumaq üçün qanuni və zəruri tədbirlərdir.
“Çinin yenidən birləşməsi qarşısıalınmaz tendensiyadır. Bu, baş verəcək və baş verməlidir”, - deyə nazirliyin sözçüsü Qo Jiakun deyib.
Xatirə SADİQ