Türkiyədə vurulan Araz Musayev haqqında İLGİNC FAKTLAR - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu olduğunu iddia edən Araz Musayev Türkiyədə bıçaqlanıb.
Hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Hadisənin başvermə anını əks etdirən videodan görünür ki, naməlum şəxslər qəfildən A. Musayevə hücum edir. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri hələlik məlum deyil.
A. Musayev hazırda Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib, həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Ən son məlumatlarda isə hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığı bildirilir.
SAVASHMEDİA.az geniş ictimaiyyətə o qədər də tanış olmayan Araz Musayevin dosyesini təqdim edir. Beləliklə...
Araz Musayev 6 noyabr 1977-ci ildə Masallı rayonunun Luran kəndində anadan olub. Azərbaycanın tanınmış kikboksçusu və muay-tay idmançısıdır.
O, 1994-cü ildən peşəkar idmanla məşğul olmağa başlamış və 2004-cü ildən etibarən beynəlxalq yarışlarda uğurlar əldə etmişdir.
Araz Musayevin idman karyerası ilə bağlı bəzi məlumatlar isə mübahisəlidir. Belə ki, bir müddət öncə Azərbaycan Kikboksinq Federasiyası onun özünü 9 qat dünya və Avropa çempionu kimi təqdim etməsinin həqiqətə uyğun olmadığını bəyan edib. Federasiya, Musayevin yalnız 2000-ci ildə keçirilmiş WAKO Avropa çempionatında 3-cü yer tutduğunu bildirib.
Araz Musayev
Araz Musayev həmçinin Fövqəladə Hallar Nazirliyində də (FHN) çalışıb. Lakin onun məmur karyerası uzun sürməyib. Belə ki, 2021-ci ilin iyun ayında jurnalistləri hədələdiyi üçün FHN tərəfindən xidmətdən xaric edilib.
O, bundan sonra Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərmiş, 2022-ci ildə isə federasiyanın prezidenti seçilmişdir.
Araz Musayev evlidir, iki övladı var. Oğlu Furqan da idmanla məşğuldur və hazırda "Qarabağ" Futbol Klubunun Akademiyasında məşqlər edir.
Oğuz