Vardanyana görə Bakıya gəlməkdən imtina edən Nassim Nikolas Taleb kimdir? - DOSYE
Dünyaca məşhur livan əsilli amerikalı esseist və risklərin idarə olunması üzrə mütəxəssis Nassim Nikolas Taleb Azərbaycana planlaşdırılan səfərdən imtina etməsi ilə gündəmin əsas mövzularındandır.
SAVASHMEDİA.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Azərbaycanda mühazirə oxumaq üçün dəvət aldığını, hətta təklif olunan qonorarın sonradan artırıldığını, lakin bu təklifi qəbul etmədiyini bildirib.
O, əlavə edib ki, Ruben Vardanyan həbsdə olduğu müddətdə Azərbaycana gəlməyəcək.
Qeyd edək ki, Ruben Vardanyan Azərbaycanda terrorçuluq, təcavüzkar müharibə və digər ağır cinayətlərdə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib.
Bəs Nassim Nikolas Taleb kimdir?
Nassim Nikolas Taleb 1960-cı il sentyabrın 12-də Livanın Amioun şəhərində anadan olub. Mənşəcə livanlı olsa da, ABŞ vətəndaşıdır. Taleb uzun illər beynəlxalq maliyyə bazarlarında opsion treyderi və risk analitiki kimi çalışıb. Sonradan akademik fəaliyyətə keçərək risklərin idarə olunması, ehtimal nəzəriyyəsi və qeyri-müəyyənlik sahəsində dünyanın ən tanınmış mütəxəssislərindən birinə çevrilib.
Onu dünya şöhrətinə qovuşduran əsər isə 2007-ci ildə nəşr olunan "The Black Swan" ("Qara qu quşu") kitabıdır. Bundan başqa, "Antifragile", "Fooled by Randomness" və "Skin in the Game" kitabları da beynəlxalq bestsellerlər sırasında yer alır.
Ruben Vardanyanı niyə müdafiə edir?
Taleb son illərdə erməni əsilli iş adamı və keçmiş qondarma Qarabağ rejiminin "dövlət naziri" olmuş Ruben Vardanyanı açıq şəkildə müdafiə edir. O, Vardanyanı dəfələrlə "şəxsi dostu" adlandırıb və onun məhkəmə prosesinin ədalətli olmadığını iddia edib.
Taleblə Vardanyanın necə və harada tanış olması barədə isə ətraflı məlumat yoxdur.
Ermənistana xüsusi münasibəti
Taleb son illərdə bir neçə dəfə Ermənistana səfər edib, müxtəlif beynəlxalq forumlarda və konfranslarda iştirak edib. O, erməni diasporunun təşkil etdiyi tədbirlərdə çıxış edib və Ermənistanın elmi-ictimai dairələri ilə yaxın əlaqələr qurub.
Aytən