“Ukrayna hərb tarixini yenidən yazır” – Kaya Kallas
Avropa İttifaqının (Aİ) təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna dronlarının Rusiyanın strateji hərbi təyyarələrinə son hücumlarını “hərbi tarixi yenidən yazılması” kimi qiymətləndirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu fikri Kaya Kallas Brüsseldə keçirilən NATO ölkələri müdafiə nazirlərinin görüşü çərçivəsində bildirib.
Onun sözlərinə görə, “Hörümçək toru” adlandırılan əməliyyat nisbətən ucuz dronların ultra bahalı təyyarələri necə məhv edə biləcəyini göstərməklə müasir müharibənin mahiyyətini dəyişdirib.
“Ötən həftəsonu biz Ukraynanın pilotsuz təyyarələrin hücumlarının şahidi olduq. Bu da faktiki olaraq hərbi tarixi yenidən yazır. Söhbət milyonlarla dollara başa gələn təyyarələri məhv etmək üçün minlərlə dollara başa gələn dronlardan istifadədən gedir. Bu, Rusiya üçün müharibənin qiymətini yenidən artırır və onu sülhün zəruriliyi barədə düşünməyə vadar edir”, - deyə Kallas vurğulayıb.
O, əlavə edib ki, Rusiya öz taktikasını dəyişmir, Ukraynanın mülki əhalisinə və infrastrukturuna sistemli hücumları davam etdirir.
“Müsaidənizlə sizə xatırlatmaq istəyirəm ki, mülki şəxslərə və ya mülki infrastruktura hücumlar beynəlxalq humanitar hüquqa ziddir və Rusiya bunu daim edir. Bizim cavabımız geriyə addım olmamalıdır. Cavabımız Rusiyaya daha çox təzyiq etmək olmalıdır ki, onlar da sülh istəsinlər”, - deyə Kallas yekunlaşdırıb
Xatirə SADİQ