“Üstünə benzin tök, sənə od vuracağam” - Arvadını yandıran şəxsin CİNAYƏT İŞİ

Həyat yoldaşını yandırmaqda və 3 inək oğurlamaqda təqsirli bilinən şəxsə hökm oxunub.

Sep 25, 2026 - 13:49
“Üstünə benzin tök, sənə od vuracağam” - Arvadını yandıran şəxsin CİNAYƏT İŞİ

SAVASHMEDİA.az xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.

Məhkəmə materiallarına görə, Nəzər (ad şərtidir – red.) Masallı rayonunda ümumi dəyəri 5500 manat olan 3 inəyi oğurlayaraq satmaq istəyib. O, polis tərəfindən saxlanılıb və heyvanlar sahiblərinə qaytarılıb.

Bundan başqa, onun üzərindən 0,510 qram metamfetamin aşkarlanıb.

İş üzrə digər epizod Nəzərin həyat yoldaşına xəsarət yetirməsi ilə bağlı olub. Belə ki, mübahisə zamanı o, qadını yumruq və təpiklərlə döyüb, saçından tutaraq başını divara çırpıb. Daha sonra qadından üzərinə benzin tökməsini tələb edib.

Qadın üst-başına benzin tökdükdən sonra Nəzər kibrit yandıraraq ona od vurub. Nəticədə qadının bədəninin təxminən 35 faizi, o cümlədən üzü, boynu, sinəsi, qarın nahiyəsi və hər iki qolu II-III dərəcəli yanıq xəsarətləri alıb. Ekspertiza bu xəsarətləri həyat üçün təhlükəli ağır zərər kimi qiymətləndirib.

Təqsirləndirilən şəxs məhkəmədə 3 inəyi oğurladığını və narkotik vasitə saxladığını etiraf edib. Həyat yoldaşının yandırılması ilə bağlı isə özünü qismən təqsirli bilib və hadisənin ehtiyatsızlıqdan baş verdiyini iddia edib.

Məhkəmə Nəzəri Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Həmçinin onun barəsində məcburi narkoloji müalicə təyin olunub.

Oğuz