“Zeynəb apardı”

Bir adam tanıyırdım. Hər şənbə Rusiyanın “НТВ” (en-te-ve) televiziya kanalının “Ev məsələsi” (“Квартирный вопрос”) verilişinə diqqətlə baxırdı. 

May 7, 2025 - 13:34
“Zeynəb apardı”

Orada kiminsə mənzili təmir edilir, müasir mebel və texnika ilə təchiz olunurdu.

Tanışım 15 il baxdı. Soruşdum ki, nəyinə lazımdır. Dedi: “Bir vaxt mən də ev alacağam”. İnadımdan dönmədim: “Sən alanda, baxmış olduğun bütün tikinti materialları, təmir üsulları, mebel, elektrik cihazları köhnəlmiş olacaq. Təmir işini də televiziyadakı deyil, Bakıda tapacağın ustalar aparacaqlar. Onlar isə bu verilişə baxmırlar”. Həmsöhbətim də inadkar idi, höcət etməyi xoşlayırdı. Daha bir neçə il baxdı. Məlumat üçün: 20 il keçib, hələ də ev almayıb...

İki ailə tanıyıram. Neçə ildir Türkiyənin “tv8”inə tamaşa edirlər. Orada isə populyar verilişlərdən biri “Master Chef”dir. Mübahisə, intriqa – xörək reseptləri və bişirməklə müşayiət olunur. Açığı, veriliş xörəklərin dadı ilə deyil, iştirakçıların qarşıdurması ilə yadda qalır. Çünki xörəyi dadan baş aşpazdır, tamaşaçıya qalan – dava-dalaş.

Bir gün soruşdum:

– Bu verilişə neçə vaxtdır baxırsınız?

Araşdırma başlandı: “8 ildir”, “10 ildir”, “İkinci uşaq hələ doğulmamışdı”. Mübahisəni yatırmaq üçün aranı sakitləşdirdim:

– Tutaq ki, 10 ildir. Hansı xörəyi öyrənib evdə bişirmisiniz?

Bu dəfə mübahisə olmadı. Sükut çökdü. Bişirməmişdilər.

– Bəs niyə baxırsınız? - deyə söhbətə yekun vurdum.

İkinci ailədə sualımın üzərində xeyli düşünüb dedilər:

– Bir dəfə peçenye bişirmişık.

Dedim:

– İnternet, “YouTube” bişinti reseptləri ilə doludur. Siz isə neçə ildə 1 resept və 100 dava görmüsünüz. Budurmu sizi cəlb edən?

Mən pis adamam. Bunu özüm də bilirəm. Pisəm, çünki həqiqəti üzə deyirəm.

Elə həmin ailədə eyni türk televiziya kanalının “Survivor” şousuna da diqqətlə tamaşa edirlər. İllər uzunudur. Öz sevimliləri də var. Verilişdə yarışlar keçirilir. Əndamlı cavan kişi və qadınlar dartır, vurur, hoppanır, daşıyır, atır və atılırlar.

Bundan başqa – zarıyır, göz yaşı axıdır, aclıq çəkir, həşərat yeyirlər. Onları nə vadar edir – özləri bilərlər. Bəs sən, uzaq məmləkətdə televizor ekranı qarşısında istidə rahat oturub dadlı meyvə yeyən, pürrəngi çay içən həmvətənlim. Sən niyə bu mənasız zülmə baxırsan? Həmin yarışların heç biri idman növü deyil. Onlar üzrə dünya rekordu yoxdur, çempionatlar keçirilmir. Desəm, gəl Olimpiadaya tamaşa edək – min bəhanə ilə yayınarsan. Çünki sənə yarış yox, intriqa, dava lazımdır, göz yaşları. Hərçənd, Olimpiya Oyunlarında da göz yaşı olur – bəzən uduzan dərddən, qalib sevincdən ağlayır. Amma titul vərəqində deyil, əsas məsələ kimi yox. Sənin zövqün bambaşqadır. Axı sən hind filmlərini sevirsən.

“Survivor”ə çoxdan, cəmi bir dəfə – tanışlıq, anlayış üçün baxdım. Yarım saat. Yadımda qalan “Zeynep apardı” sözləri oldu. Əlbəttə, Zeynəb də aparar, başqası da. Heç nəyi aparmayan, boş qalan təkcə sən olacaqsan.

A.ƏZİZ