Ata 5 yaşlı qızına seksual hərəkətlər edən qonşusunu BAĞIŞLADI - ŞOK İFADƏLƏR
Tovuzda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən iclasda təqsirləndirilən şəxsin və şahidlərin ifadələri dinlənilib.
İttihama görə, 2002-ci il təvəllüdlü Cəfər (ad şərtidir-red) 2019-cu ildə qonşusu, 2014-cü il təvəllüdlü Ayselin ( ad şərtidir-red) köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Cəfər Ayselə qarşı bu hərəkətləri həmin ilin müxtəlif vaxtlarında bağ sahəsində, yardımçı tikilidə və azyaşlının yaşadığı evdə təkrarlayıb.
Cəfər 2025-ci ildə Ayseli öz evinin yataq otağına çağıraraq ona qarşı seksual xarakterli hərəkətlər edib və azyaşlıya mobil telefonunda pornoqrafik xarakterli görüntülər izlədib.
Məhkəmədə ifadə verən Cəfər özünü təqsirli bilməyib. O, Ayselə zorakılıq xarakterli hərəkətlər etmədiyini və pornoqrafik məzmunlu videolar göstərmədiyini deyib. İbtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə gəlincə isə Cəfər bunun polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində alındığını bildirib. Məhkəmə isə onun polis əməkdaşlarından heç bir quruma şikayət etməməsindən yalan danışdığı qənaətinə gəlib.
İş materiallarında zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, videoçəkilişlər və digər sübutlar araşdırılıb.
Zərərçəkmiş Aysel isə məhkəmədə verdiyi ifadədə bildirib ki, Cəfər ona qarşı belə əxlaqsız hərəkətlər edəndə 5 yaşı olub və bu hərəkətlərin mənasını anlaya bilməyib. Cəfərin ona telefonda göstərdiyi videoda çlıpaq adamlar olub. Cəfər ona qarşı ilk dəfə 2019-cu ildə bağda, sonra isə öz evlərində əxlaqsız hərəkətlər edib. Cəfər Ayseli qorxudaraq ondan olanları heç kimə deməməsini tələb edib. 2025-ci ildə Cəfər ona qarşı yenidən əxlaqsız hərəkətlər etməyə başlayıb. Aysel artıq bu hərəkətin mənasını anladığı üçün əvvəlcə analığına, sonra isə qardaşının arvadına olanları danışıb. Analığı isə atasına xəbər verib. Bundan sonra Ayselin atası Cəfərin atasına zəng edib.
İş üzrə diqqət çəkən məqamlardan biri də zərərçəkmiş şəxsin atasının sonrakı mövqeyi olub.
Məhkəmədə ifadə verən ata bildirib ki, qızının başına gələnləri öyrəndikdən sonra Cəfərin atası ilə əlaqə saxlayıb və oğlunun harada olduğunu soruşaraq hadisə barədə məlumat verib. Daha sonra polisə müraciət edib və qızı ekspertizadan keçirilib. Ata həmçinin bildirib ki, Cəfərlə üzləşdirmə zamanı ona hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməyib. Cəfər ifadəsində hadisələri özü etiraf edib.
Bununla yanaşı, Ayselin atası sonradan Cəfərlə barışdığını bildirib və ondan heç bir şikayət və tələbinin olmadığını deyib. Ata bununla bağlı məhkəməyə təqdim etdiyi ərizədə də qızının və özünün Cəfərlə barışdıqlarını və ondan heç bir şikayət və tələblərinin olmadığını qeyd edib.
Məhkəmə zərərəçəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb. Lakin buna baxmayaraq, məhkəmə digər sübutları da nəzərə alaraq təqsirləndirilən şəxsin ittiham olunan cinayəti törətdiyi qənaətinə gəlib.
Nəticədə, Cəfər Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
Banu