"Ay qız, Göyçay xalqını niyə təhqir edirsən?" - Səyyad Aran
Həm də siyasi gündəmi məşğul etmək üçün deputatların həyatından yazmaq, dedikləri sözlərə qulp qoymaq, sözü tamamilə başqa səmtə aparmaq dəb düşüb.
"Bir sıra qələm əhli deputatlara qarşı çox qərəzli münasibət göstərir. Həm də siyasi gündəmi məşğul etmək üçün deputatların həyatından yazmaq, dedikləri sözlərə qulp qoymaq, sözü tamamilə başqa səmtə aparmaq dəb düşüb. Əvvəla, dünyanın əksər ölkələrində deputatların çoxu yaşlı insanlardır. Azərbaycan Milli Məclisində isə yaşlı deputatları barmaqla saymaq olar. Əksəriyyəti orta yaşlı, cavan nümayəndələrdir. Bir siyahıya baxın, sonra müəyyənləşdirin ki, orta yaşlılar çoxdur, yoxsa ağsaqqal deputatlar? Bu, yanlış, qərəzli münasibətdir. Axı belə deyil".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Səyyad Aran deyib.
Deputat son günlər özünə qarşı yazılan tənqidlərdən də danışıb: "Mənimlə bağlı son vaxtlar başlayan ajiotaj hər kəsə məlumdur. Mən nə demişəm ki? Demişəm, vaxtında oxuyaydın, ali təhsil alaydın, yüksək nailiyyətlər əldə edəydin, irəli çəkiləydin, yaxşı maaş alaydın. Sakitlikdir deyə gül kimi sözümü düşməncəsinə, namərdcəsinə ortaya atıb, nələr danışdılar... Dərisi bir qəpiyə dəyməyənlər üstümə hücuma keçdilər. Göyçaydan bir qadın deyir ki, Səyyad Aranın nəvəsinin maşının nömrəsi Göyçayın büdcəsinin yarısı qədərdir. Ay qız, Göyçay xalqını niyə təhqir edirsən? Bəs özünü niyə? O boyda varlı-dövlətli, allı-güllü Göyçay o günə qalıb ki, büdcəsi 50 min manatdır? Nəvəmin maşını üçüncü əldir. Uzaqbaşı 25 min manata olar. Niyə Göyçay camaatının şərəfinə, ləyaqətinə toxunursan? Ayıb deyilmi? Səni atan-anan necə böyüdüb? Başa salmayıblar ki, başqasının sözünü dəqiqləşdirilməmiş camaatın adından danışma? Sən nə haqla Göyçayın büdcəsini nəvəmin maşınının yaşı ilə hesablayırsan? Görün sözümün başına düşməncəsinə necə ip salıb fırladırlar. Yerindən duran üstümə qalxdı. Bütün bunlar Məclisə qarşı qərəzkarlıq, hörmətsizlik, həm də vətənsizlikdir. Bu Milli Məclisdir ey! Sən bunun haqqında nə danışırsan? Deyirlər ki, parlamentdə yaşlılar çoxdur. 70 yaşından yuxarı deputatların sayı bir əlin barmağının sayı qədərdir. 70 yaşlı deputatlar daha təcrübəlidir, o boyda Milli Məclisin avanqardıdır, böyük yükü çəkən, kütlənin qabağında gedən tanınmış insanlardır, alimlərdir. Belə yanaşma tərzi olar? Ayıbdır, adam Milli Məclisinə belə yanaşmaz".