Bazar günü danışıqlar davam etdiriləcək – Stiv Uitkoff
Martın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna-Rusiya arasında atəşkəslə bağlı danışıqların növbəti raundu davam etdiriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff Fox News telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio və prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts yenidən Səudiyyə Ərəbistanına səfər edəcək. Görüşün əsas mövzusu razılaşmaların təfərrüatları, xüsusilə 30 günlük atəşkəslə bağlı olacaq.
Qara dənizdəki enerji infrastrukturuna və hədəflərə hücumların dayandırılması ilə bağlı suala Uitkoff belə cavab verib: “Ruslar indi bu iki aspektlə razılaşırlar. Mən çox ümid edirəm ki, ukraynalılar da bununla razılaşacaqlar. Əlbəttə, müzakirə edəcəyimiz bəzi detallar var, lakin bu, bazar günü Ciddədə başlayacaq və müsbət nəticələr əldə etmək üçün yaxşı söhbətimiz olacaq”.
Uitkoff əlavə edib ki, ABŞ-nin təklif etdiyi 30 günlük atəşkəs ümumilikdə enerji və infrastrukturu əhatə etməlidir.
Bu danışıqlarda Ukraynanı kimin təmsil edəcəyi hələlik məlum deyil və Rusiya da martın 23-də ABŞ ilə danışıqlara başlayacağını rəsmən açıqlamayıb.
Xatirə SADİQ