“Bolşoy Teatr” əməkdaşlarını izləyəcək
Rusiyanın “Bolşoy Teatrı”nın direktorluğu əməkdaşlarından casusluq etmək üçün proqram təminatının quraşdırılması ilə bağlı müqavilə imzalayıb.
SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu barədə “Sistem” araşdırma layihəsi məlumat yayıb.
Məlumata görə, teatr lisenziya üçün 21,6 milyon rubl (266 min dollar) ödəyərək, 500 iş avadanlığında “InfoWatch Traffic Monitor” proqramını quraşdırmağı planlaşdırır. Proqram yazışmaları və əməkdaşların internetdə fəaliyyətini ələ keçirir və onların hərəkətlərindəki anomaliyaları müəyyən edərək risk qrupları üzrə profilləşdirir.
Bir işçinin risk qrupuna aid olub-olmadığını öyrənmək üçün proqram onun yazışmalarda nalayiq ifadələr işlədib-işlətməməsini, rəhbərlərini müzakirə edib-etməməsini və işdən çıxmağa hazır olub-olmamasını izləyəcək. Proqram tərtibatçıları Ukraynada aparılan müharibəyə marağı və siyasi baxışların mövcudluğunu (məhz hansıları dəqiq göstərilməyib) anormal davranışa aid edirlər.
Proqram anomaliyaları müəyyənləşdirmək üçün süni intellektdən istifadə edəcək, təhlükəsizlik xidmətinin əməkdaşları isə məlumatları təhlil edəcək. Toplanan profillərin necə istifadə ediləcəyi məlum deyil.
“Sistem” bundan öncə xəbər vermişdi ki, Kreml Ukraynaya qarşı genişmiqyaslı müharibəni başlatdıqdan bəri Rusiyanın aparıcı teatrlarının inzibatçılarına və solistlərinə qarşı artıq müxtəlif izləmə və nəzarət tədbirləri tətbiq edilib. Onlardan hər dəfə xaricə gedəndə izahat yazmaq tələb olunur, geri dönəndən sonra isə təhlükəsizlik xidməti teatr işçilərinin pasportlarını əllərindən alır.
Qeyd edək ki, “Bolşoy Teatr”ın solistləri arasında həmyerlilərimiz – Azərbaycanın xalq artistləri Elçin Əzizov və Dinarə Əliyeva da var.
Xatirə SADİQ