Gürcüstanın AŞPA-dan çıxarılması tələb olundu 

“Əgər Gürcüstan avtoritar kursunu dəyişməkdə irəliləyiş əldə etməsə, biz köklü əsaslarla Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinə etiraz edəcəyik”.

Aug 21, 2025 - 16:53
Gürcüstanın AŞPA-dan çıxarılması tələb olundu 

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 51 üzvünün bəyanatında deyilir.
 
Sənəddə nəzərə çatdırılıb ki, 29 yanvar 2025-ci il tarixində AŞPA Gürcüstanın 2025-ci ilin aprel ayına kimi demokratik standartlara cavab verməsi, o cümlədən siyasi məhbusların azad edilməsi və təkmilləşdirilmiş seçki şəraiti ilə yeni parlament seçkilərinin elan edilməsi şərti ilə Gürcüstan nümayəndə heyətinin etimadnaməsini təsdiq edən qətnamə qəbul edib.

“Bunun əvəzində vəziyyət kəskin şəkildə pisləşib. Müxalifətin yüksək səviyyəli liderləri həbs edilib. Vətəndaş cəmiyyəti fəalları və jurnalistlər siyasi motivli cinayət təqibi ilə üzləşiblər. Bu, artıq tək-tük sıradan hadisələr deyil, demokratik müxalifətin aradan qaldırılması, ifadə azadlığının məhdudlaşdırılması və vətəndaş cəmiyyətinin sıxışdırılması istiqamətində aparılan davamlı kampaniyadır. Bundan əlavə, Gürcüstan heyəti birtərəfli qaydada Assambleyanı tərk edib. Bu repressiya yolu Gürcüstanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəlikləri pozur və Assambleyanın səlahiyyətlərinə ziddir”, - deyə bəyanatda bildirilir.

AŞPA deputatları vurğulayırlar ki, Assambleya öz qayda və qətnamələrinə hörmət etməlidir: “Üzv dövlətlərdə avtoritarizmə doğru geri çəkilməyə məhəl qoymamaq bu institutun əsaslarını sarsıdır”.

Xatirə SADİQ