Estoniya rus diplomatını qovdu

Estoniya Xarici İşlər Nazirliyi (XİN) çərşənbə günü Rusiyanın Tallinndəki səfirliyinin birinci katibi Dmitri Prilepini persona non-qrata elan edib. 

Aug 13, 2025 - 16:26
Estoniya rus diplomatını qovdu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb. 

Məlumata görə, qərar rəsmi nota ilə birlikdə Rusiyanın müvəqqəti işlər vəkilinə göndərilib. Rusiyalı diplomat Estoniyanı tərk etməlidir.

XİN-dən bildirilib ki, rusiyalı diplomat Estoniyanın konstitusiya quruluşunun və hüquq sisteminin sarsıdılmasında, cəmiyyətin parçalanmasında, həmçinin dövlətə qarşı cinayətlərin törədilməsində, o cümlədən bir sıra sanksiyalar rejiminin pozulmasının asanlaşdırılmasında birbaşa və fəal iştirak edib.

XİN qeyd edib ki, bu qərar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq qəbul edilib və bu, qəbul edən dövlətə diplomatik əməkdaşlarını izahat vermədən persona non-qrata elan etməyə imkan verir. 

Xarici işlər naziri Marqus Tsaxna bəyan edib ki, Rusiya səfirliyinin Estoniyanın daxili işlərinə daimi müdaxiləsi dayandırılmalıdır. “Qovulma aydın siqnaldır: bizim ölkə ərazisində xarici dövlətin koordinasiyalı və mütəşəkkil fəaliyyətinə yer olmayacaq”, - deyə nazir vurğulayıb.

Xatirə SADİQ