Gözdə “qara su” xəstəliyinin yaranmasının qarşısını alır – ARAŞDIRMA
Statinlərin qəbulu qlaukomanın (qara su) yaranması və proqressivləşməsi riskini azalda bilər.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ alimləri bu qənaətə geniş tibbi məlumat bazasını təhlil etdikdən sonra gəliblər. Tədqiqatın nəticələri “British Journal of Ophthalmology” (BJO) jurnalında dərc olunub.
Araşdırma çərçivəsində statin qəbul edən 210 mindən çox insanın məlumatları bu preparatlardan istifadə etməyən eyni sayda şəxsin göstəriciləri ilə müqayisə edilib.
Məlum olub ki, beş il ərzində statin qəbul edənlərin 2,3 faizində, nəzarət qrupunda isə 2,6 faizində açıq bucaqlı qlaukoma aşkarlanıb. Ümumilikdə, statin istifadəsi qlaukoma riskinin 15 faiz azalması ilə əlaqələndirilib.
Alimlər qlaukoma diaqnozu artıq qoyulmuş şəxsləri də ayrıca araşdırıblar. Statin qəbul edənlər arasında müalicənin gücləndirilməsinə daha az ehtiyac olduğu müəyyənləşib. Belə ki, bu şəxslərdə beş il ərzində qlaukoma ilə bağlı ənənəvi cərrahi əməliyyata ehtiyac riski 36 faiz, minimal invaziv əməliyyata ehtiyac 55 faiz, lazer müalicəsinə ehtiyac isə 60 faiz daha aşağı olub. Göz daxili təzyiqi azaltmaq üçün damcılardan istifadə ehtimalı da 12 faiz azalıb.
Tədqiqatçılar bunun mümkün səbəbini statinlərin xolesterin səviyyəsini azaltmaqla yanaşı, sinir hüceyrələrini zədələnmədən qoruması ilə izah ediblər. Qlaukoma zamanı görmə siniri tədricən zədələnir və ağır hallarda bu, görmənin geri dönməz şəkildə itirilməsinə səbəb olur.
Qeyd edək ki, bəzi xolesterin və təzyiq dərmanlarının tərkibində statin maddəsi var.
Banu