"İndi həmişəkindən daha çox Ukraynanın yanındayıq" - Avropalı liderlərin bəyanatı
Avropalı bir sıra rəsmi şəxslər Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək göstərərək, ABŞ Prezidenti Donald Trampla keçən gərgin görüşlə bağlı şok və təəssüf hisslərini ifadə ediblər.
İspaniya, Litva, Moldova, İsveç, Latviya və Norveç kimi ölkələrin liderləri, Zelenski ilə həmrəy olduqlarını ifadə edən mesajlar paylaşıblar.
Fransa Prezidenti Emmanuel Makron baş verənlər fonunda jurnalistlərə verdiyi açıqlamada, Ukraynaya dəstəyini bir daha vurğulayıb: “Üç il əvvəl Ukraynaya kömək etmək və Rusiyaya qarşı sanksiyalar tətbiq etmək doğru idi və bunu davam etdirməliyik”.
“İsveç, Ukraynanın yanındadır. Siz təkcə öz azadlığınız üçün deyil, bütün Avropanın azadlığı üçün mübarizə aparırsınız. Yaşasın Ukrayna!”, - deyə İsveçin baş naziri Ulf Kristersson da ölkəsinin Ukraynaya dəstəyini ifadə edib.
Çexiya Prezidenti Petr Pavel də Ukraynaya dəstəyini ifadə edib. Dövlət başçısı sosial şəbəkə hesabında vurğulayıb ki, Çexiya indi “həmişəkindən daha çox” Ukraynanın tərəfindədir.
“Avropanın səylərini gücləndirməsinin vaxtı çatıb”, o əlavə edib. (teleqraf)