Kamran Əsədovun qaynı da məhkəməyə gətirildi - O da işin içində imiş
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasov cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən prosesdə şahidlərin bir neçəsinin ifadələri dinlənilib.
Proses təxminən 3 saatdan artıq davam edib. Ümumilikdə isə proses üzrə 30-dan artıq şahid var. Şahidlərin hissə-hissə məhkəməyə çağırılacağı gözlənilir.
Şahid Gültən Quliyeva ifadəsində Gündüz Abbasovdan fərqli olaraq Kamran Əsədovu öncədən tanıdığını bildirib. O ifadəsində qeyd edib ki, övladı buraxılış imtahanından az bal toplayıb. Ekspert kimi tanıdığını K.Əsədovdan övladının kollecə qəbul olmasında kömək istəyib.
K.Əsədov isə öz növbəsində kömək edəcəyini, hətta universitetə qəbul olunacağını deyib. Bunun müqabilində K. Əsədova 15 min manat ödəyib. Qeyd edib ki, ödənişi şəxsən özü verib. G.Quliyeva K.Əsədovun köməkçisi olan Bəhmən adlı şəxsin ona məhkəməyə getməməsi üçün təsir etdiyini deyib. Ona "votsap" üzərindən səs yazısı atdığını bildirib.
Sonradan verilən pul tələb olunsa da, K.Əsədov məbləği qaytarmaq istəməyib. Qadın ibtidai istintaqa çağırıldıqdan sonra K.Əsədov 15 min manatı geri qaytarıb.
Daha sonra şahid Bəhmən Hüseynli ifadə verib. Onun şahidlərə hansı səbəbdən təsir etdiyini soruşulub. Lakin B.Hüseynli hakimin sualına tam cavab verə bilməyib. B.Hüseynliyə avadanlıqların kimin vasitəsi ilə hazırlandığı və necə quraşdırılması barədə sual ünvanlanıb. O isə bildirib ki, avadanlıqların mahiyyətini bilməyib, sadəcə həmin şəxslərin K.Əsədovun ofisində məşq etdiyini görüb. Amma pulun verilməsindən bixəbər olduğunu deyib.
Məlumat üçün bildirək ki, B.Hüseynli K.Əsədovun qaynıdır.
Növbəti məhkəmə prosesi sabah saat 14-00-a təyin olunub. (teleqraf)