Komediya ustası hava limanında saxlanıldı - Quranla bağlı nə demişdi?

Son dövrlər məşhurlaşan türkiyəli komediya ustası Deniz Göktaş saxlanılıb.

Jul 2, 2026 - 14:49
Komediya ustası hava limanında saxlanıldı - Quranla bağlı nə demişdi?

SAVASHMEDİA.az xəbər verir ki, o, dini dəyərləri təhqir etmək ittihamı ilə İstanbul Hava Limanında tutulub və barəsində istintaq başladılıb.

İstintaq materiallarına görə, Göktaşın "Ölü Deniz" adlı stand-up proqramında Qurani-Kərim və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlər ictimai narazılığa səbəb olub. Bundan sonra İstanbul Respublika Baş Prokurorluğu onun barəsində "xalqın bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq şəkildə alçaltma" maddəsi ilə cinayət işi üzrə araşdırmaya başlayıb.

Baş Prokurorluğun məsələ ilə bağlı yaydığı məlumatda bildirilib:

“D.Göktaş barədə eyni məzmunlu 185 CİMER müraciəti daxil olub və onlar birgə araşdırılıb. Xarici səfərdən qayıdan Göktaş iyulun 2-də İstanbul Hava Limanında pasport nəzarəti zamanı saxlanılıb. Hazırda onun istintaqı aparan İstanbul Təhlükəsizlik İdarəsinin əməkdaşlarına təhvil verilməsi ilə bağlı prosedurlar davam etdirilir”.

Qeyd edək ki, 1994-cü ildə Ankarada anadan olan Deniz Göktaş Orta Doğu Texniki Universitetində təhsil alıb. O, 2019-cu ildən stand-up fəaliyyəti ilə məşğuldur və 2023-cü ildə yayımlanan "Selam Selam" adlı proqramı ilə geniş auditoriyanın rəğbətini qazanıb.

Komediya ustasının son çıxışı olan "Ölü Deniz" iyunun 24-də "YouTube" platformasında yayımlanıb.

Qeyd edək ki, Deniz Göktaş sözügedən stand-up proqramında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu və digərləri haqqında da yumoristik fikirlər səsləndirib.
  
Banu