Macarıstan və Slovakiya Aİ-nin 18-ci sanksiya paketini təsdiqləmədi

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiya paketini Macarıstan və Slovakiya təsdiqləməkdən imtina edib. 

Jun 24, 2025 - 11:35
Macarıstan və Slovakiya Aİ-nin 18-ci sanksiya paketini təsdiqləmədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i adının açıqlanmasını istəməyən Aİ Daimi Nümayəndələr Komitəsinin (Koreper) diplomatlarına istinadən məlumat yayıb.

“İki nümayəndə heyəti (bu, Slovakiya və Macarıstana aiddir) Avropa Şurasının iyunun 26-da keçiriləcək iclasına qədər Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsinə mane olub”, - deyə mənbə bildirib.

Digər mənbənin sözlərinə görə, iyunun 23-də Avropa Komissiyası Aİ ölkələrinin səfirlərinə 18-ci sanksiya paketinə təklif etdiyi son düzəlişləri təqdim edib. Bu düzəlişlər hələ də Rusiya neftinin qiymət tavanının aşağı salınması təkliflərini özündə əks etdirir.

“Daha açıq olan bəzi nümayəndə heyətləri beynəlxalq neft bazarının hazırkı vəziyyətini nəzərə alaraq, Rusiya neftinin qiymətinin yuxarı həddinin azaldılmasını aradan qaldırmaq, digərləri isə onu saxlamaq istəyir. Bununla belə, biz razılaşmaya çox yaxınıq”, - deyə diplomat vurğulayıb.

O, qeyd edib ki, tərəflərin qalan bir neçə məsələni həll edə və mətni cümə günü, iyunun 27-də təsdiq üçün Coreper iclasına təqdim edə biləcəklərinə ümid edir. 

Xatirə SADİQ