"Moskvaya gəlin, danışaq" - Putindən Avropaya ÇAĞIRIŞ

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinin nizamlanması ilə bağlı danışıqlara Avropa nümayəndələrinin də qoşulmasını təklif edib.

Nov 19, 2026 - 20:23
"Moskvaya gəlin, danışaq" - Putindən Avropaya ÇAĞIRIŞ

SAVASHMEDİA.az xəbər verir ki, Putin Avropa dövlətlərinin nümayəndələrini Ukrayna ilə bağlı müzakirələr üçün Moskvaya dəvət edib.

O, bu barədə Çində ABŞ və Çin prezidentləri ilə görüşdən sonra jurnalistlərə danışıb.

Rusiya liderinin sözlərinə görə, ABŞ Moskvanı Ukrayna ilə bağlı danışıqlara Avropanın da cəlb edilməsinə razı salmağa çalışır.

Putin bildirib ki, Avropanın təhlükəsizliyini avropalıların iştirakı olmadan müzakirə etmək düzgün deyil. Bununla belə, Moskva Avropa ölkələrinin danışıqlara hansı töhfəni verə biləcəyini anlamaq istəyir.

“Biz bu danışıqlara Avropanın nə verəcəyini bilməliyik. Diplomatik kanallar vasitəsilə Avropa nümayəndələrinin Moskvaya gəlməsini təklif etmişik. Bundan sonra Ukrayna ilə dialoqu hansı formatda davam etdirəcəyimizə qərar verəcəyik”, - Putin deyib.

O, həmçinin Avropa ölkələrinin Ukrayna ərazisinə hərbi qüvvə yerləşdirməsinə qarşı olduqlarını bir daha vurğulayıb.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələri ötən həftə Əbu-Dabidə danışıqlar aparıblar. Görüşdə əsir mübadiləsi ilə bağlı razılıq əldə olunsa da, müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş qeydə alınmayıb.

Səlcuq