Trampın göndərdiyi təyyarə Zaqros dağlarında nə axtarıb? - Yaralı pilot bəhanə imiş 

“Trampın “yaralı pilotu xilasetmə əməliyyatı” ABŞ-nin İranda uran ələ keçirmək üzrə uğursuz əməliyyatını ört-basdır etmək üçün səhnələşdirilib”.

Apr 7, 2026 - 14:20
Trampın göndərdiyi təyyarə Zaqros dağlarında nə axtarıb? - Yaralı pilot bəhanə imiş 

SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

ABŞ-nin yaydığı rəsmi məlumatlara görə, “F-15E” qırıcı təyyarəsi İran üzərində vurulub. Göyərtəsindəki silah sistemləri üzrə zabit Zaqros dağlarında ağır xəsarətlər alsa da sağ qalıb. ABŞ Prezidenti Donald Tramp dünən hər iki pilotun uğurla xilas edildiyini açıqlayıb. Lakin onların kimliyi və ya harada müalicə aldıqları barədə heç bir məlumat verməyib. 

Mətbuat yazır ki,  həm ABŞ-nin rəsmi mənbələrinin, həm də Prezident Trampın sözügedən əməliyyatla bağlı açıqlamalarında boşluqlar və şübhəli məqamlar var. İlk şübhəli məqam vurulmuş təyyarənin qalıqlarının Netenz və İsfahandakı nüvə obyektinin yaxınlığında tapılmasıdır. İkinci şübhəli məqam isə 90 əsgər daşıya bilən C-130J nəqliyyat təyyarəsinin pilotu xilas etmək üçün göndərilməsidir. Çünki bu miqyasda böyük əməliyyat tək bir hərbçinin xilasedilmə ssenarisinə oxşamır.

Nəşr analitiklərin rəylərinə istinadən qeyd edir ki, əməliyyatın əsas hədəfi strateji aktivlər və nüvə materialları ola bilər. Lakin ABŞ qüvvələri əvvəllər xəritələndirilmiş, lakin aktiv əməliyyat üçün hazırlanmamış zolağa sərt eniş etməyə məcbur qalıblar. 

Bu zaman azı iki C130J təyyarəsi zədələnib və istifadəyə yararsız hala düşüb. SEPAH-ın əraziyə müdaxiləsindən sonra ABŞ tərəfi qərar dəyişdirərək təxliyə əməliyyatını başladıb. Bu zaman hərbi personal dəstək üçün gələn təyyarə ilə ərazidən çıxarılıb. Ərazidə qalan təyyarə və helikopterlər isə hava zərbələri ilə məhv edilib.

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Conson da məsələ ilə bağlı “Russia Today”ə açıqlama verib. O bildirib ki, “yaralı pilotu xilasetmə əməliyyatı” əslində ABŞ-nin uğursuzluğa düçar olmuş başqa əməliyyatı ört-basdır etmək istəməsinin nəticəsidir.

Vəsilə İBRAHİM