Müctəba ailə aktivlərinin qorunması qarşılığında BUNA RAZIDIR - GİZLİ DANIŞIQLAR

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə çox güclü və müsbət danışıqlar aparıldığına dair açıqlama verib. 

Mar 26, 2026 - 15:40
Müctəba ailə aktivlərinin qorunması qarşılığında BUNA RAZIDIR - GİZLİ DANIŞIQLAR

SAVASHMEDİA.az xəbər verir ki, bu açıqlama ağıllara vahid rəhbərliyin olmadığı iddia edilən İranda “danışıqlar kiminlə aparılır?”  sualını gətirib.

ABŞ-nin “Fox News” telekanalı  mənbələrinə istinadən xəbər verir ki, hazırda proseslərdə əsas rol oynayan şəxslər İranın Ali Rəhbəri Müctəba Xamenei, parlament sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Arakçıdır.

Məlumatlara görə, Ali Rəhbər Müctəba Xamenei hazırda təhlükəsizlik və maliyyə strukturlarının bir hissəsinə nəzarəti əlində saxlayır. Onun şəxsi təhlükəsizliyinin və ailəyə məxsus aktivlərin qorunması müqabilində ABŞ ilə müəyyən gizli təmaslara açıq olduğu bildirilir.

Məhəmməd Bağır Qalibaf iqtisadi vəziyyətin ağırlaşmasının nəticələrini ən yaxşı qiymətləndirə bilən  siyasətçi kimi xarakterizə olunur. Onun Pakistan rəsmiləri ilə daimi əlaqədə olduğu bildirilir.

Abbas Arakçı isə ABŞ-nin təklif etdiyi mümkün razılaşmanın detalları üzərində işləyən əsas diplomatik fiqur kimi təqdim edilir. Bildirilir ki, o, ölkənin enerji və idarəetmə sistemində daha dərin böhranın qarşısını almaq məqsədilə kompromis variantları araşdırır.

Mənbələrin bildirdiyinə görə, İran rəhbərliyi ABŞ və İsrail kəşfiyyatının rabitə siqnallarını izləyə biləcəyindən ehtiyat etdiyi üçün elektron əlaqə vasitələrindən minimum istifadə edir. Buna görə də təmaslar fiziki vasitəçilər tərəfindən İslamabad üzərindən aparılır. Bu da qərarverməni ləngidir.

Qeyd edək ki, ABŞ müharibəni dayandırmaq üçün İrana 15 maddəlik plan təqdim edib. Onun 14-ü artıq məlumdur.  Plana əsasən, İran nüvə potensialını tamamilə ləğv etməli, nüvə silahı istehsal etməməli, uran zənginləşdirmə fəaliyyətlərini dayandırmalı, zənginləşdirilmiş uran ehtiyatlarını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) verməli, Netenz, İsfahan və Fordo obyektləri bağlanmalı, tam yoxlama səlahiyyəti AEBA-ya verilməlidir. Hizbullah, HƏMAS və Husilər kimi təşkilatlardan imtina etməli, bu qruplara maliyyə dəstəyini kəsməli, Hörmüz boğazını açıq saxlamalı, raket proqramı ilə bağlı işlər məhdudlaşdırılmalı, raketlərdən yalnız müdafiə məqsədləri üçün istifadə olunmalıdır.

Bunun müqabilində isə ABŞ İrana beynəlxalq sanksiyaların ləğvini, mülki nüvə proqramına verəcəyi dəstəyi, sanksiyaların avtomatik olaraq yenidən tətbiq olunmasına imkan verən mexanizmin aradan qaldırılmasını təklif edib.

İranın yüksəkvəzifəli siyasi və təhlükəsizlik rəsmisi mətbuata verdiyi açıqlamada Tehranın bu planı qəbul etmədiyini və hərbi əməliyyatları dayandırmaq üçün 5 konkret şərt irəli sürdüyünü bildirib.

İranın 5 şərt isə ABŞ və İsrail tərəfindən "təcavüz və qətl"in tamamilə dayandırılması, İrana yenidən müharibənin tətbiq edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması, müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi, bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması, İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirmək suveren hüququnun beynəlxalq səviyyədə tanınması və buna təminatların verilməsidir.

Banu