Niyə danışdığınız məhsulun reklamı dərhal qarşınıza çıxır? - Telefon sizi dinləyir?
Bir çox insanın başına gəlib: Dostu ilə hansısa məhsul barədə danışdıqdan qısa müddət sonra həmin məhsulun reklamı telefonunda qarşısına çıxır. Bu isə "Telefon bizi dinləyir?" sualını yenidən gündəmə gətirir.
SAVASHMEDIA.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun əsas səbəbi telefonun daim mikrofon vasitəsilə söhbətləri dinləməsi deyil.
Ekspertlər bildirirlər ki, reklam platformaları istifadəçilər haqqında çoxlu məlumat toplayır. İnternetdə etdiyiniz axtarışlar, daxil olduğunuz saytlar, izlədiyiniz videolar, bəyəndiyiniz paylaşımlar, yerləşdiyiniz məkan və hətta yaxın ətrafınızdakı insanların maraq dairəsi belə reklamların seçilməsinə təsir göstərə bilər.
Məsələn, siz və dostunuz eyni məhsulu araşdırmısınızsa və ya eyni məkanda olmusunuzsa, reklam alqoritmləri bunu əlaqələndirərək hər ikinizə oxşar elanlar göstərə bilər. Bu isə telefona sizi dinləyirmiş kimi təsir bağışlayır.
Bununla belə, bəzi tətbiqlər istifadəçinin icazəsi ilə mikrofona çıxış əldə edir. Bu icazə əsasən səsli zəng, səsli mesaj və ya video çəkilişi kimi funksiyalar üçün nəzərdə tutulur. Mütəxəssislər istifadə etmədiyiniz tətbiqlər üçün mikrofon icazəsini söndürməyi tövsiyə edirlər.
Telefonunuzda hansı tətbiqlərin mikrofondan istifadə etdiyini Parametrlər (Settings) bölməsindən yoxlaya və istənilən vaxt bu icazələri dəyişə bilərsiniz.
Mütəxəssislər qeyd edirlər ki, indiyədək smartfonların istifadəçiləri gizli şəkildə davamlı dinləyərək reklam göstərdiyini sübut edən etibarlı dəlil yoxdur. Lakin reklam alqoritmləri istifadəçilər haqqında topladıqları məlumatlar sayəsində maraq dairəsini yüksək dəqiqliklə proqnozlaşdıra bilir.
Bu səbəbdən telefonun sizi dinlədiyini düşünmədən əvvəl, paylaşdığınız məlumatların və tətbiqlərə verdiyiniz icazələrin nələr olduğunu yoxlamaq tövsiyə olunur.
Səlcuq