Yanacaq çənini tam doldurmaq zərərli imiş - Sürücülərin çoxu bunu bilmir

Bəzi sürücülər hesab edir ki, yanacaq çənini ağzınadək doldurmaq daha sərfəlidir. Lakin avtomobil mütəxəssisləri bunun bəzi hallarda yanacaq sisteminə zərər verə biləcəyini düşünürlər.

Jul 5, 2026 - 15:22
Yanacaq çənini tam doldurmaq zərərli imiş - Sürücülərin çoxu bunu bilmir

SAVASHMEDIA.az xəbər verir ki, müasir avtomobillərdə yanacaq çənində buxarlanmanı idarə edən xüsusi EVAP sistemi mövcuddur. 

Yanacaq nasosun "klik" səsindən sonra da çəni məcburi şəkildə doldurmağa davam etmək artıq benzinin bu sistemə keçməsinə səbəb ola bilər.

Nəticədə aktiv karbon filtri zədələnə, mühərrikdə nasazlıq işığı (Check Engine) yana və əlavə təmir xərcləri yarana bilər.

Mütəxəssislər bildirirlər ki, yanacaq temperaturun təsiri ilə genişlənir. Xüsusilə isti havalarda çəndə boş yer qalmadıqda, genişlənən yanacaq sistemə əlavə təzyiq yarada bilər.

Bununla yanaşı, çənin tam doldurulması avtomobilin çəkisini də artırır. Bu fərq böyük olmasa da, uzunmüddətli istifadədə yanacaq sərfiyyatına müəyyən təsir göstərə bilər.

Ekspertlər tövsiyə edirlər ki, yanacaq nasosu ilk dəfə avtomatik dayandıqdan sonra çəni əlavə doldurmağa çalışmayın. Bu həm yanacaq sistemini qoruyur, həm də lazımsız xərclərin qarşısını alır.

Qeyd edək ki, söhbət çəni tam doldurmaqdan deyil, nasos dayandıqdan sonra məcburi şəkildə əlavə yanacaq vurmaqdan gedir. Avtomobil istehsalçıları da məhz bu vərdişdən çəkinməyi tövsiyə edirlər.

Oğuz