"Oyunu təxirə salsaq, guya "Nyukasl"ı udacaqsınız? - "Neftçi" narazıdır

“Neftçi” ilə “Qarabağ” arasındakı gərginlik davam edir. Komandaların əvəzedicilərinin bugünkü oyununda "Neftçi"nin "Qarabağ" azarkeşlərini stadiona buraxmaması bu baxımdan diqqət çəkir.

Feb 8, 2026 - 20:38
Feb 8, 2026 - 21:25
"Oyunu təxirə salsaq, guya "Nyukasl"ı udacaqsınız? - "Neftçi" narazıdır

Əzəli rəqiblərin son günlər yaşadığı gərginliyin səbəbi isə "Neftçi"nin "Qarabağ"ın xahişini rədd etməsidir. Belə ki, ağdamlılar Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la qarşılaşma öncəsi "Neftçi"dən oyunun vaxtını dəyişdirməyi xahiş etmişdi.

SAVASHMEDİA.az-ın xəbərinə görə, "Qarabağ"ın ilk müraciətinə mənfi cavab verən "Neftçi" klubuna təzyiqlər artırılıb və bu, "Qarabağ" rəsmilərinin məsələni yuxarı dairələri daşıması ilə bağlı olub.
 
Məlumata görə, "Neftçi" rəhbərliyi oyunu təxirə salmamaq üçün dirəniş göstərsə də, sonda təzyiqlər qarşısında geri çəkilməyə məcbur olub. Belə ki, məsələnin müzakirə olunduğu sonuncu qeyri-rəsmi toplantı "Qarabağ" rəsmilərinin istədiyi kimi yekunlaşıb və "Neftçi" oyunu təxirə salmağa razılaşıb.

Amma “Flaqman” təmsilçiləri bu qərardan narazılığını elə həmin toplantıdaca elan edib və  məcburiyyət qarşısında razılıq verdiklərini dönə-dönə xatırladıblar.
 
Müzakirələr zamanı bu addımın Azərbaycan futbolu adına gərəkli olduğu arqumenti isə qarşı tərəfi özündən çıxarıb. Mənbənin sözlərinə görə, "Neftçi" təmsilçisi "Qarabağ" rəsmisinə müraciətlə bunları deyib:

"Yaxşı, biz güzəştə gedirik. Amma nə olacaq, indi siz guya "Nyukasl"ı udacaqsınız? Heç bir qələbədən söhbət gedə bilməz, bu sizin bəhanınizdir".

Qeyd edək ki, “Neftçi” - “Qarabağ” görüşü fevralın 21-i saat 19:00-da keçirilməlidir. 

Çempionlar Liqasının pley-offunun cavab görüşü çərçivəsindəki “Nyukasl” – “Qarabağ” matçı isə fevralın 24-dən 25-nə keçən gecə 00:00-da oynanılacaq.

Oğuz