Özü yıxılan, ZARIMA!
Qonşu musiqiçi cavanla küçədə rastlaşdım. Çox gərgin, əsəbi idi.
Eşitmişdim, ilk övladı şikəst – xəstə doğulub. Onu evə apardıqlarına görə peşman oldular və tezliklə təhvil verdilər. İndi ikinci də dünyaya elə gəlib. Bu dəfə uşağı evə heç daşımadılar: artıq təcrübəlidirlər. Oğlanın həyəcanı məni də sarsıtdı. Çalışdım mümkün qədər yumşaq danışım:
– Axı siz – ər və arvad – yaxın qohumsunuz. Belə evlənmək olmazdı.
Hərif daha da coşdu:
– Bunu əvvəldən niyə demədiniz?!
Az qaldım özümü günahlandırım. Doğrusu, o, evlənəndə qonşu və tanış deyildik. Lakin sonra düşündüm: “Ay kamança balası, çalmaq, toylarda qazanmaq üçün yeddi notu öyrənmişdin, evlənəndə bircə vacib qaydanı niyə öyrənmədin?!”.
Bunu uşaqlıqdan bilirəm. Əmimə onun əmi və xala qızlarından almaq təklif olunanda, söyləmişdi: “Onlara həmişə qardaş gözü ilə baxmışam. Arvad etmək olmaz!”. Bu “olmaz” qulağımda sırğa kimi qaldı. O, mənəvi amilə bağlı idi. Amma sırğanın daha bir tayı var – fiziki amil. Yalnız illər ötdükdən sonra böyüyüb anladım ki, yaxınların evlənməsi yeni nəslin şikəstliyinə aparır.
İnsan nə vaxtsa bunu başa düşdü və “qadağan maddəsi”ni dini tələblərə daxil etdi.
Hansısa sovet ilində Uzaq Şimalda azsaylı maral dəstəsini sahilin yaxınlığındakı adaya köçürdülər. Oranın iqlimi, bitki örtüyü materikdəki tundraya uyğun gəlirdi. Amma maralların qənimi olan yırtıcı isə yox idi.
Eksperiment gözəl nəticələr verdi: çox tezliklə məhsuldarlıq yüksəldi, sürüdəkilərin sayı rekord səviyyəyə çatdı, ət və xəz dəri tədarükü artdı. Yəqin ki, Kremldə qabaqcıl təcrübəni başqa adalara da yaymağı düşünmüşdülər. Amma sonra heyvanların arasına qırğın düşdü. Maral balaları ya doğulmur, ya da dünyaya qüsurlu gəlirdi. Dinamika yenə tezliklə, lakin aşağıya doğru hərəkət etdi. Başabəla alimlər gec olsa da başa düşdülər: ada qapalı məkan idi və heyvanlar yalnız bir-biri ilə – yaxın qohumlarla cütləşirdi.
Haqqında danışdığım manıs da yaxın qohumların törəməsi sayılırdı. Bir vaxt iki doğma qardaş iki doğma bacı ilə evlənmişdi. Onların balaları eyni zamanda həm əmi, həm də xala uşaqları idilər. Bunları da evləndirməyə heç bir lüzum qalmırdı. Amma naqis şüur – naqis mənəviyyata, o isə öz növbəsində fiziki naqisliyə keçdi.
Xala və dayı, bibi və əmi bir-birinə çox yaxın qohumdurlar. Onlar tam mənada bacı-qardaş sayıla bilərlər, çünki eyni kökdən – babadan və nənədən gəlirlər. Bacıya oynaş gözlərilə baxmaq kişilikdən deyil. Sonra kimisə özgəni günahlandırmaq da – eləcə.
A.ƏZİZ