Özünü qoruyan bilməyən ABB pullarımızı necə qoruyacaq? - Etimad sarsıldı
Azərbaycan Beynəlxalq Bankının (ABB) kartlarından vəsaitlərin silinməsi bank sektorunda təhlükəsizlik və etibarlılıq məsələlərini yenidən gündəmə gətirib.
SAVASHMEDİA.az xatırladır ki, bank baş verənləri “3-cü tərəf sistemlərində yaranmış texniki çətinlik”lə izah etsə də, məsələ minlərlə müştərinin haqlı narahatlığına səbəb olub.
Çünki vətəndaş üçün problemin hansı sistemdən qaynaqlandığı yox, onun hesabındakı vəsaitin təhlükəsizliyi önəmlidir.
Maliyyə qurumuna pulunu etibar edən şəxs hesabında gözlənilməz silinmə ilə qarşılaşırsa, bu artıq təkcə texniki problem deyil, etimad problemidir. Müştəriyə görə məsuliyyət son nəticədə bankın üzərinə düşür. Kartın, hesabın və vəsaitin qorunması bankın əsas öhdəliyidir.
ABB son illər rəqəmsal xidmətlərini genişləndirsə də, belə hadisələr bankın təhlükəsizlik və risk idarəetməsi ilə bağlı suallar yaradır. Əgər üçüncü tərəf sistemində yaranan problem vətəndaşın hesabına təsir göstərə bilirsə, deməli, qoruyucu mexanizmlər yetərincə effektiv işləməyib.
Bank sektorunda ən qiymətli kapital pul deyil, etimaddır. İtirilən etimadı geri qaytarmaq isə texniki nasazlığı aradan qaldırmaqdan qat-qat çətindir. Müştərilər vəsaitlərinin geri qaytarılacağına əmin olsalar belə, yaşadıqları stress, narahatlıq və qeyri-müəyyənlik yaddaşlarda qalır.
ABB rəhbərliyi baş verənlərdən ciddi nəticə çıxarmalıdır. İctimaiyyət artıq izahatlardan çox, problemlərin təkrarlanmamasına zəmanət verən real addımlar gözləyir. Əks halda, ölkənin ən böyük banklarından biri olan ABB üçün əsas risk texniki nasazlıq deyil, müştəri etimadının sürətlə əriməsi olacaq.
Aytən