Norveçin baş məşqçisi tribunaya niyə qaçdı? - Həmin öpüşün kövrəldən HEKAYƏSİ
Dünya Çempionatı çərçivəsində keçirilən Norveç- Seneqal matçından sonra maraqlı hadisə yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, ötən gün Norveç millisi Pedersen, Haaland və Saarın vurduğu qollarla Seneqalı məğlub edib.
Matçda final fiti səslənən kimi Norveç millisinin baş məşqçisi Stole Salbakken tribunaya doğru qaçaraq həyat yoldaşını öpüb. Həmin anlar obyektivlərdən yayınmayıb və dünya mediasında gündəm olub. Bəziləri baş məşqçinin bu hərəkətinin sevinc əlaməti olduğunu düşünsə də, məsələnin əsli tam başqadır.
Stole Solbakken 27 fevral 1968-ci ildə Norveçin Kongsvinger şəhərində anadan olub. Futbol karyerasına Norveçin “Grue” klubunda başlayıb. Orada üç mövsüm oynadıqdan sonra 1989-cu ildə ölkəsinin ikinci divizionunda çıxış edən "Ham-Kam"a keçib. 1994-cü ilin əvvəllərində o, Norveçin digər klubu olan Lillestrom ilə müqavilə imzalayıb. Həmin ildən Norveç millisinə də çağırılıb.
1997-ci ildə “Uimbldon”da oynamaq üçün İngiltərəyə yollanıb. Burada altı oyun keçirdikdən sonra baş məşqçi Co Kinnear ilə fikir ayrılıqları yaşayıb. Buna görə də Danimarkanın “Oalborq BK” klubuna satılıb. “Oalborq”da üç mövsüm keçirib. Bu müddət ərzində 79 oyunda iştirak edib və 13 qol vurub. 2000-ci ildə 32 yaşında Danimarkanın “Kopenhagen” klubuna transfer olunub. “Kopenhagen”də altı ay oynadıqdan sonra futbolçu karyerasını bitirmək məcburiyyətində qalıb.
Məşqçi kimi karyerasına Norveçin gənclər komandasında başlayıb. Eyni zamanda milli komandanın baş məşqçisi Nils Yohan Sembanın köməkçisi vəzifəsində çalışıb (2002-2003). 2003-2005-ci illərdə Norveç komandası olan "Ham-Kam"ı çalışdırıb. 2006-2011-ci illərdə “Kopenhagen”in baş məşqçisi olub.
2011-2012-ci ildə Almaniyanın “Köln”, 2012-ci ildə İngiltərənin “Vulverhempton Uonderers”, 2013-2020-ci illərdə yenidən “Kopenhagen” klubunu çalışdırıb. 2020-ci ildən Norveç milli komandasının baş məşqçisidir.
Stole Salbakkenin həyatı 2000-ci ildə “Kopenhagen”ə transfer olunduqdan qısa müddət sonra kəskin dəyişib. Belə ki, o, məşqlərdən birində infarkt keçirib. Klub həkiminin müdaxiləsinə baxmayaraq, Solbakkenin ürəyi 7 dəqiqəlik dayanıb və o, kliniki ölüm keçirib.
Günlərlə komada qalan Solbakken gözünü açanda özünü artıq ölmüş, məhv olmuş hesab edib. O, xanımı Annikenə “isətəsən başqası ilə evlənə bilərsən. Buna etirazım yoxdur. Ancaq uşaqlarımın soyadını dəyişdirmə” deyib. Lakin Anniken həyat yoldaşının bütün təkidlərinə baxmayaraq, onu heç vaxt tək qoymayıb. Xəstəxanada olduğu və reabilitasiya dövründə də Solbakkenin ən böyük dəstəkçisi olub.
Futbolçu ağır əməliyyatlardan sonra kardiostimulyatorla yaşamağa davam edib. 33 yaşında bütün həyatı dəyişən, sevdiyi peşəsindən məhrum olan Solbakken Annikenin qayğısı və fədakarlığı ilə yenidən həyata bağlanıb. Əvvəlcə Norveç millisinə məşqçi köməkçisi kimi dəvət alıb, sonra isə baş məşqçilik fəaliyyətinə başlayıb.
Solbakken Seneqal üzərində 3-2 hesablı qələbə ilə 28 il sonra Norveçi qrup mərhələsindən çıxarıb. Matçın sonunda isə bu uğuru qazanmasında yol olan insana – həyat yoldaşı Annikenə doğru qaçıb. Dünya mediasının manşetə çevirdiyi şəkil isə sadəcə sevincin yox, “Hər uğurlu kişinin arxasında bir fədakar qadın var” ifadəsinin və vəfanın təcəssümüdür.
Banu