Planetin ən qədim kəhrəbalarından biri Rusiyada tapıldı
Rusiyanın Kemerovo vilayətində (Kuzbass) ölkədə indiyədək aşkar edilmiş ən böyük qədim kəhrəba nümunəsi tapılıb.
SAVASHMEDİA.az Rusiya mətbuatına istinadla xəbər verir ki, kəhrəbanın ölçüsü təxminən 4 santimetrdir və onun yaşının 100-110 milyon il olduğu ehtimal edilir.
Məlumata görə, Kuzbass kəhrəbası üst təbaşir dövrünə aid çöküntülərdən ibarətdir və iynəyarpaqlı ağacların daşlaşmış qatranıdır. Məlum kəhrəba nümunələri arasında bundan daha qədim olanı 130-135 milyon illik Livan kəhrəbasıdır.
Kuzbass kəhrəbasını digər kəhrəbalardan fərqləndirən əsas məqam onun yaxınlığında qatranın mənbəyi ola biləcək ağac gövdəsinin də aşkarlanmasıdır. Alimlər ağacın növünü qozaları, iynəyarpaqları və pulcuqları əsasında müəyyən edə biliblər. Adətən kəhrəba onu əmələ gətirən ağacdan ayrı tapıldığı üçün bu nümunə elmi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Tədqiqatçılar kəhrəbanı elektron mikroskopla araşdırmağı və onun daxilində qorunub qalmış canlı və bitki qalıqlarını müəyyənləşdirməyi planlaşdırırlar. Alimlərin fikrincə, daşlaşmış qatranın içərisində tozcuqlar, sporlar, bitki fraqmentləri və həşəratlar ola bilər.
Banu