Putin amerikalı elçi ilə görüşəcək – Kreml təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin bu gün Donald Trampın Rusiyaya səfər edən xüsusi elçisi Stiven Uitkoffla görüşəcək.

Apr 11, 2025 - 17:20
Putin amerikalı elçi ilə görüşəcək – Kreml təsdiqlədi

SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbəbr verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Putin və Uitkoff arasında keçiriləcək görüşdə “Ukrayna nizamlanmasının müxtəlif aspektləri” müzakirə olunacaq.

“Görüş olacaq. Təbii ki, Uitkoff Trampın xüsusi elçisi kimi öz prezidentindən Putinə nə isə gətirəcək. Putin bunu dinləyəcək. Ukrayna nizamlanmasının müxtəlif aspektləri üzrə söhbət davam edəcək. Bir çox aspektlər var, substansiya çox mürəkkəbdir. Ona görə də söhbətlər, bir qayda olaraq, kifayət qədər uzun alınır. Bu, bizdən ötrü Uitkoff vasitəsilə Rusiyanın mövqeyinin əsas elementlərini, Rusiyanın əsas narahatlığını çatdırmaq üçün çox yaxşı fürsətdir. Bunlar sonra Prezident Trampa məlum olacaq”, - Peskov əlavə edib.

Kremlin sözçüsü görüş üçün konkret vaxt çərçivəsinin müəyyən edilib-edilmədiyi sualına belə cavab verib: “Xeyr. Bir saat, iki, üç, dörd, lazım gəlsə, Prezident Putinə lazım olan qədər".

Xatirə SADİQ