Putinin "Troya atları" burada hazırlanır - Məxfi "4-cü şöbə" nədir?

Rusiyanın “Bauman adına Moskva Dövlət Texniki Universiteti” ilə bağlı iki mindən artıq məxfi sənəd ifşa olunub.

May 8, 2026 - 16:16
Putinin "Troya atları" burada hazırlanır - Məxfi "4-cü şöbə" nədir?

SAVASHMEDİA.az xarici mətbuata istinadla xəbər verir ki, sızdırılmış sənədlər Rusiyanın hərbi kiber potensialının hazırlanması mexanizmini üzə çıxarıb. 

Məlumata görə, universitet daxilində fəaliyyət göstərən məxfi “4-cü şöbə” Rusiya hərbi kəşfiyyatı – QRU üçün gizli təlim mərkəzi kimi istifadə olunur.

“4-cü şöbə”də təhsil alan tələbələr yalnız klassik proqramlaşdırma və kompüter elmləri deyil, həm də kiberhücumların təşkili, virus hazırlanması və informasiya müharibəsi üzrə xüsusi hazırlıq keçirlər. Tədris proqramına “texniki kəşfiyyatdan müdafiə” adlı 144 saatlıq intensiv kurs daxildir. Bu kurs çərçivəsində tələbələr parol sındırılması, sistemlərə nüfuzetmə, “Troya atı” tipli zərərli proqramların hazırlanması və gizli kiber əməliyyatların həyata keçirilməsi üsullarını öyrənirlər. 

Kursun sonunda tələbələr yalnız nəzəri imtahan vermirlər. Onlar həm də praktiki “penetrasiya (sızma, nüfuzetmə-red) testləri” aparmalı və işlək kompüter virusu yaratmalıdırlar. Tədris prosesində casusluq texnologiyalarından istifadə də xüsusi yer tutur. Sızdırılmış materiallarda gizli kamera funksiyası daşıyan tüstü detektorları və məlumatları iz qoymadan oğurlaya bilən xüsusi ekran kabellərinin öyrədildiyi qeyd olunur.

Sənədlərə görə, tələbələrin hazırlıq prosesi texniki biliklərlə məhdudlaşmır. Onlara psixoloji müharibə və informasiya manipulyasiyası üzrə də təlim keçirlər. Seminarlar zamanı sosial şəbəkələr üçün ictimai rəyi yönləndirməyə hesablanmış manipulyativ videoların hazırlanması məşq edilir. Tədris materiallarında Ukraynadakı müharibənin “qaçılmaz” olduğu, Qərbin isə Rusiya üçün “mövcudluq təhlükəsi” yaratdığı vurğulanır.

Sızdırılmış sənədlərdə məzunların sonrakı təyinatları barədə də məlumatlar var. Məsələn, “4-cü şöbə”nin 2024-cü il məzunları birbaşa Rusiyanın ən tanınmış kiber bölmələrinə göndərilib. Bu bölmələr arasında ABŞ-də 2016-cı il prezident seçkiləri zamanı Demokratlar Partiyasının kompüter sistemlərinə müdaxilə etməkdə ittiham olunan “Fancy Bear”, həmçinin Ukraynanın enerji infrastrukturuna və Avropadakı bir sıra sistemlərə kiberhücumlar həyata keçirən “Sandworm” da var.

Məxfi sənədlərdən aydın olub ki,  QRU yalnız məzunları qəbul etmir, eyni zamanda tədris prosesinə də birbaşa nəzarət edir. “4-cü şöbə”nin müəllimləri aktiv xidmətdə olan zabitlərdir. Onlar dərslər keçir,  imtahanların təşkilində iştirak edir və tələbələrin sonrakı təyinatlarını müəyyənləşdirirlər. Buna görə də Rusiyanın keçmiş müdafiə rəsmilərindən biri bu sistemi “orta məktəbdən başlayan kadr hazırlığı zənciri” kimi xarakterizə edib.

Rusiya Prezidenti Vladimir Putinin özünün də “4-cü şöbə”yə xüsusi diqqət ayırdığı bildirilib. Buna əsas kimi ölkə liderinin universitetə tez-tez etdiyi səfərlər göstərilib. Putin universitetdə etdiyi çıxışlar zamanı ölkənin kosmik və texnoloji nailiyyətlərini ön plana çıxarsa da, sızdırılmış sənədlər universitet daxilində paralel olaraq hərbi-kiber əməliyyatlar üçün xüsusi kadrların hazırlandığını ortaya qoyub.

Xatırladaq ki, QRU (Главное Разведывательное Управление)  Rusiyanın “Baş Kəşfiyyat İdarəsi”dir. Qurum Russia Müdafiə Nazirliyinə tabedir. Əsas fəaliyyət istiqamətləri hərbi kəşfiyyat toplamaq, xarici ölkələrdə gizli əməliyyatlar aparmaq, kibermüharibə və kiberkəşfiyyat, xüsusi təyinatlı əməliyyatlar həyata keçirmək, strateji məlumatların əldə etməkdir.

Vəsilə İBRAHİM