Qızı Putinə qarşı - Ukraynalılarla birgə işləyir
"Yeli̇zaveta Rudnova adı ilə tanınan Krivonoqi̇x Fransada Ukrayna rəssamlarının da iştirak etdiyi sərgilərdə menecer kimi fəaliyyət göstərir..."
Rusiya prezidenti Vladimir Putinin nikahdankənar qızı hesab edilən Yelizaveta Krivonogix hazırda Fransada, Parisin "Studio Albatros" və "L Gallery" qalereyalarında menecer kimi çalışır.
Bu barədə Rusiyadan müharibəyə etiraz əlaməti olaraq 2022-ci ildə Fransaya köçən rəssam Anastasiya Rodionova məlumat verib. Məlumatı "gordonua.com" nəşri yayıb.
Məlumatda deyilir ki, bu qalereyalarda rus və ukraynalı rəssamların iştirak etdiyi müharibə əleyhinə sərgilər keçirilir. Rəssamın sözlərinə görə, Krivonogix qalereyada "Yelizaveta Rudnova" adı ilə çalışır və əsasən videolentlərin çəkilişi, tədbirlərin təşkili və bəlkə də bəzi rəssamların dəvət olunması ilə məşğuldur. Yəni, o birbaşa kurator olmasa da, təşkilati işlərdə mühüm rol oynayır.
"Biz kiminlə işlədiyimizi bilməliyik"
Rodionova qeyd edir ki, son üç ildə bu qalereyalarda sərgilənənlər arasında ukraynalı rəssamlar da olub. Onlar ruslarla eyni platformada çıxış etməyə yalnız şəffaflıq və nüfuz məsələlərində tam aydınlıq olduqda razı olurlar.
"Uşaqlar valideynlərinin cinayətlərinə görə məsuliyyət daşımır, buna inanıram. Amma müharibə şəraitində rejimin faydasını görən bir ailənin üzvünün qurbanlarla eyni məkanda olması qəbuledilməzdir. Liza bunu 22 yaşında anlayırdımı, yoxsa bu, ətrafının məsuliyyətidir?" - Rodionova yazır.
O, vurğulayır ki, müharibə şəraitində istənilən ictimai tədbirin təşkilatçıları maksimum şəffaf və həssas olmalıdır: "Biz kiminlə işlədiyimizi bilməliyik və buna hazır olub-olmadığımıza qərar verməliyik. Mənim buna "yox" deyirəm.
Rusiyanın "Aqentstvo" müxalif nəşri Krivonoqixin fotosunu yayımlayıb və onun hal-hazırda Parisdə qalereyada işlədiyini təsdiqləyib. Rodionova da fotoda olan şəxsin Krivonogix olduğunu təsdiqləyib.
Putinin şəxsi həyatı sirr pərdəsi altında
Putinin şəxsi həyatı illərdir ictimaiyyətdən gizlədilir. Rəsmi məlumata görə, onun keçmiş həyat yoldaşı Lyudmila Şkrebneva ilə iki qızı - Mariya (1985) və Yekaterina (1986) var. İddialara görə, onlar hazırda Vorontsova və Tixonova soyadlarından istifadə edir.
Media uzun illər Putinin keçmiş gimnast Alina Kabayeva ilə münasibətləri olduğunu və onların birlikdə uşaqları ola biləcəyini yazıb.
2020-ci ildə yayılan araşdırmalarda isə Putinin Krivonogix adlı qadından 2003-cü ildə dünyaya gəlmiş Yelizaveta adlı nikahdankənar qızı olduğu iddia olunub.
Onun anası, Sankt-Peterburq sakini, "Rossiya" bankının azlıqda olan səhmdarı Svetlana Krivonogixdir. 2023-cü ilin sonlarında "Aqentstvo" yazıb ki, Yelizaveta hazırda Parisdə yaşayır və "Rudnova" və ya "Rozovaya" kimi saxta soyadlardan istifadə edir. (moderator)