Rasim Balayevin dərman almağa pulu olmayıb - Bu da həmin VİDEO

Azərbaycanın Xalq artisti, ustad sənətkar, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (2022-ci ildən) Rasim Balayev 2017-ci ildə mətbuata verdiyi müsahibəsində səhhətindən danışıb.

Mar 30, 2026 - 16:16
Mar 30, 2026 - 16:45
Rasim Balayevin dərman almağa pulu olmayıb - Bu da həmin VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, ustad aktyor hansı xəstəliklərdən əziyyət çəkdiyi və maddi durumu ilə bağlı sualları cavablandırıb.

– Hansı xəstəlikdən müalicə olunursunuz?

– Şəkər, təzyiq, onurğa problemləri… Onurğa problemləri də ayağımda fəsad yaradıb, yeriyəndə əziyyət çəkirəm. Hamısı qarışıb bir-birinə.

– Dava-dərman bahadır, pulu necə çatdırırsınız?

– Aldığım təqaüd zad hamısı müayinələrə, müalicələrə gedir. Özüm də gündə bir dəfə yemək yeyirəm (gülür).

– Zarafat edirsiniz?

– Pulu çatdıra bilmirəm. Dərmanlar da çox bahadır. Həkim dünən iki dərman yazmışdı, qiyməti 60 manatdır. Gedib birini aldım, dedim, təsirini görsəm, gəlib birini də alaram. Utandığımdan deyə bilmədim ki, dərmana pul çatdıra bilmirəm...

Rasim Balayevin müsahibəsindən sonra həmin vaxt deputat olan Xalq artsiti Zeynəb Xanlarova bu məsələni Milli Məclisdə gündəmə gətirib. O bildirib ki, bu mövzu ilə bağlı susa bilməz:

“Ataların bir sözü var. “Desəm öldürərlər, deməsəm ölləm”. Mən dinəcəm. Mədəniyyətimizə, incəsənətimizə böyük töhfələr verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini yaradıb. Həkim iki dərman yazıb, onun birini almağa pulu çatmayıb”.

Z. Xanlarova Mədəniyyət və Səhiyyə Nazirliklərinə müraciət edərək Rasim Balayevlə maraqlanmalarını xahiş edib:

“Bunlar niyə baxmırlar bu işlərə?! Artıq canda can qalmayıb. Niyə buna əncam qılmırlar?! Mən millətin adından xahiş edirəm, Rasimsevərlərin adından xahiş edirəm onunla məşğul olsunlar. Rasim Balayevin aldığı pul nədir ki, dərmanlara versin? Mən xahiş edirəm Oqtay müəllim, (Oqtay Əsədov, Milli Məclisin spikeri –red)  siz də, bizim hamımız da bu böyük sənətkara kömək olaq”.

Xatırladaq ki, korifey sənətkarımız Rasim Balayev ötən gün – martın 29-da İstanbulda Memorial xəstəxanasında vəfat edib. Məlumata görə, Xalq artisti ağciyər xərçəngi, şəkər, təzyiq xəstəliyindən və onurğa problemlərindən əziyyət çəkib. Mərhumun nəşi bu gecə Bakıya gətirilib. Dahi sənətkarla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib. Rasim Balayev I Fəxri xiyabanda dəfn olunub.

Banu