Rus generala qanlı "ad günü hədiyyəsi": qızı yaralandı, kürəkəni öldü - Ukraynadan AÇIQLAMA

Ukrayna Moskvada Rusiya Hərbi Hava-Kosmik Qüvvələrinin baş komandanı general Aleksandr Çaykonun ad günü mərasiminin keçirildiyi restoranda baş verən partlayışla bağlı Rusiyanın ittihamlarına cavab verib.

Aug 4, 2026 - 01:02
Rus generala qanlı "ad günü hədiyyəsi": qızı yaralandı, kürəkəni öldü - Ukraynadan AÇIQLAMA

SAVASHMEDIA.az xəbər verir ki, Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin Rusiyanın ittihamlarını əsassız adlandıraraq Moskvanı əvvəlcə öz güc strukturlarında araşdırma aparmağa çağırıb. 

O bildirib ki, istintaq başa çatmadan Ukraynanı günahlandırmaq doğru deyil.

Xatırladaq ki, partlayış avqustun 1-də Moskvanın mərkəzində yerləşən restoranda baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Rusiya istintaqının məlumatına görə, partlayıcı qurğu hədiyyə qutusunda gizlədilib. Bildirilir ki, restorana daxil olmağa çalışan qadın mühafizəçilər tərəfindən saxlanılıb və bu zaman partlayış baş verib. İstintaq bombanın uzaqdan işə salınmış ola biləcəyini də araşdırır.

Rusiya mediasının yaydığı məlumata görə, həmin vaxt restoranda Rusiya Hərbi Hava-Kosmik Qüvvələrinin baş komandanı general Aleksandr Çaykonun ad günü qeyd olunurdu və əsas hədəfin də onun olduğu ehtimal edilir. Məlumatlarda Çaykonun sağ qaldığı, qızının ağır yaralandığı, kürəkəninin isə həlak olduğu bildirilir. 

Rusiya hadisəyə görə Ukraynanı ittiham etsə də, Kiyev bu iddiaları qətiyyətlə rədd edir. Ukrayna tərəfi hesab edir ki, istintaq yekunlaşmadan irəli sürülən ittihamlar siyasi xarakter daşıyır.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir və hücuma görə məsuliyyəti üzərinə götürən hər hansı şəxs və ya təşkilat yoxdur.

Oğuz