Rusiyada maaşı gecikdirənlər hər gün üçün əlavə pul ödəyəcək - YENİ QAYDA
Rusiyada işçilərin maaşını vaxtında ödəməyən işəgötürənlər üçün kompensasiyanın əhəmiyyətli dərəcədə artırılması təklif olunur.
SAVASHMEDİA.az xəbər verir ki, maaşın gecikdirildiyi hər gün üçün işçiyə ödənilən kompensasiyanın minimum məbləği borcun 0,5 faizi səviyyəsində müəyyənləşdiriləcək.
Hazırda Rusiyada bu kompensasiya Mərkəzi Bankın qüvvədə olan uçot dərəcəsinin 1/150-si əsasında hesablanır. Yeni təklif qəbul olunarsa, işəgötürənlər gecikdirilən məbləğin hər günü üçün ən azı 0,5 faiz əlavə ödəniş etməli olacaqlar.
Məsələn, işçinin 50 min rubl maaşı 10 gün gecikdirilərsə, yeni qaydaya əsasən ona 2 500 rubl kompensasiya ödənilməsi nəzərdə tutulur.
Qanun layihəsində digər dəyişikliklər də var. Təklifə görə, əmək müfəttişləri işəgötürən kompensasiyanı özü hesablamadığı halda belə, həmin məbləği müəyyənləşdirərək məcburi qaydada tutulmasını tələb edə biləcəklər.
Bundan başqa, şirkətin bank hesablarında kifayət qədər vəsait olmadıqda borcun işəgötürənin digər əmlakı hesabına ödənilməsi mexanizminin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, müvafiq dəyişiklikləri nəzərdə tutan iki qanun layihəsi noyabrın 10-da Dövlət Dumasına təqdim edilib.
Aytən