“Ruslar danışıqlarda özlərini kobud aparıblar” - Mixail Podolyak

İstanbul danışıqları zamanı Rusiya nümayəndə heyəti Ukraynadan 4 bölgədən və hərbi sənayedən imtina etməyi tələb edib.

May 19, 2025 - 16:06
“Ruslar danışıqlarda özlərini kobud aparıblar” - Mixail Podolyak

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib. 

“Medinski (Rusiya nümayəndə heyətinin rəhbəri) kağız parçasından tələbləri oxudu. Onlar hesab edirlər ki, Ukrayna hətta rusların hazırda işğal etmədiyi ərazilərdən –  Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsindən imtina etməlidir. Onlar həmçinin bizi suverenliyimizdən məhrum etmək istəyirlər ki, biz hər hansı hərbi ittifaqda iştirakdan imtina edək. Üstəlik, silah sənayemizdən əl çəkməyimizi və Qərbdən heç bir silah almamağımızı istəyirlər. Onlar yerinə yetirilməsi mümkün olmayan çoxlu tələblər irəli sürürdülər”, - deyə Podolyak vurğulayıb.

Mixail Podolyak qeyd edib ki, Rusiya İstanbulda heç bir atəşkəs formulunu təklif etməyib və danışıqlar sadəcə olaraq vaxtı uzatmaq üçün aparılıb.

“O vaxtdan bəri [2022-ci ildəki danışıqlar] heç nə dəyişməyib. O vaxt olduğu kimi indi də ruslar özlərini təkəbbürlü və kobud aparırdılar. Bir söz deyirlər, sonra tamam başqa bir şey təklif edirlər. Bu zaman qarşı tərəfdəki həmsöhbətlərini təhqir etməyə çalışırlar. Bu, klassik Rusiya diplomatiyasıdır. Rusiya dünyaya sübut etməyə çalışır ki, hazırda Türkiyədə aparılan danışıqlar 3 il əvvəl aparılan danışıqların davamıdır. Bu, doğru deyil. Bu gün vəziyyət tamamilə başqa cürdür”, - deyə müşavir əlavə edib.

Xatirə SADIQ