Titan

Qədim əsatirlərdəkilərdən fərqli olaraq, bu titanın soyadı da vardı – Maqomayev.

Aug 13, 2025 - 13:01
Titan

Danışırlar ki, yarım əsr bundan əvvəl Müslüm Maqomayevin Bakıda konserti olmalı idi...

“Gəzə-gəzə o dövrün ən böyük tamaşa binasının – Sarayın yanına gəldim. Küçənin o tayında kassadan bilet almaq istəyənlər durmuşdular. Yaxınlaşdım. Ümid bəsləmək yersiz idi: adam – çox, bilet – yox.

Bu vaxt bir cavan mənə yanaşıb bilet təklif etdi. Qiymətini soruşdum. Biletin üzərindəki yazını göstərdi: 3 manat 50 qəpik. 40 manat təqaüd alan tələbə üçün böyük pul idi. Amma tələbənin də böyükləri vardı...

Tərəddüd etmədən aldım və Saraya doğru yönəldim. Pilləkənləri Kann festivalının qalibi kimi qürurla qalxdım. Qapıda bir neçə nəfər son tamaşaçı durmuşdu. Növbə mənə çatanda, nəzarətçi biletimi yoxlayıb dedi:

– Vaxtı keçib.

“A kişi, vaxt nə vaxt keçib, əgər indicə almışamsa”, - deyə içimdə hiddətləndim.

Bu zaman cavan oğlan yaxınlaşdı. Özünü administrator kimi təqdim etdi. Biletimə baxıb qüsurları mənə göstərdi. Kassanın yanında alaqaranlıqda baxsaydım da, onları görməzdim. Xəzər boyda təəssüfümü bildirdim. Pulumu geri tələb etməyə haqqım yox idi, çünki bileti kassadan almamışdım. Kor-peşman getməyə hazırlaşırdım ki, inzibatcı məni içəriyə keçirdi. Arxa yollarla konsert zalına apardı. Ən yuxarıda, “çəpərlənmiş” hissədə oturtdu. Üçüncü zəng artıq çalınmışdı...

O gecə və indiyədək həmin administrator qəhrəmanım olub. Məni zala buraxmağa onu heç nə vadar etmirdi. Belə istiqanlı işçi o vaxt da daha görmədim, indiyədək də rast gəlməmişəm.

Ətrafıma boylandım. Ən axırıncı sırada məndən aralı bir cavan əyləşmişdi. Yəqin işıqçı idi. Qarşısında neçə-neçə düyməsi olan panel qoyulmuşdu. Bir azdan iki nəfəri də bizim qapalı zonaya gətirdilər. Qadını tanımıram, amma kişi məktəb müəllimim olmuşdu. Bədən tərbiyəsi fənnindən. Atasının adı Yervand “Yerevan” sözü ilə səsləşirdi. Fasilə zamanı məlum oldu ki, şahmatçı Harri Kasparovun komandasında məşqçi işləyir. Fiziki hazırlıq üzrə.

Demə ki, bu söhbətlər içində konsert qaldı kənarda. Çıxış, repertuar, təəssürat barədə danışmaq fikrim əvvəldən olmayıb. Yalnız onu deyə bilərəm ki, Maqomayev 27 mahnı, ariya, romans ifa etdi. Alnından tər su kimi axırdı...

Həmin axşam evə metroda, avtobusda getmədim. Göyə qalxıb uçdum. Qanadları isə mənə böyük istedad sahibi, səs cadugəri Maqomayev bəxş etmişdi”. O günü atam indi də dərin hisslərlə xatırlayır.

Müslüm Maqomayevin tərcümeyi-halı birmənalı olmasa da məlumdur. Onun taleyində əmisinin rolu haqqında çox danışılıb. Məhz əmisi günlərin bir günü qardaş oğlunun ardınca Rusiyaya gedib onun anasını yola gətirdi, balacanı əyalət həyatından qurtardı. Bu da məlum faktdır.

Həmçinin məlumdur ki, artıq Bakıda Müslüm yaradıcılıq atmosferinə qovuşdu: rəsm çəkmək, fiqurlar yapmaq, musiqi təhsili...

Bir gün ona səs gəldi. Özü də necə səs! 19 yaşında Moskvada Qurultaylar sarayında görünməmiş konsert verdi. Möhtəşəm çıxış, möhtəşəm fakt. Belə şey olmamışdı. Az sonra İtaliyada “La Skala” teatrında vokal ustalarından ustalıq öyrəndi. Şübhə (Ümid) var idi ki, o zaman çox səhnə “ulduz”nun, idmançının etdiyi kimi, Müslüm də xaricdə qalar. O isə qayıtdı. Əmisinə söz vermişdi. Ümumiyyətlə, qiyamçılıq bu ipək təbiətli insanın canında, ruhunda yox idi.

Düşünmə ki, yolu hamar, daşsız-kəsəksiz olub. Bir yekə daş – SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva. Onun gözü gənc, gözəl müğənni oğlana düşmüşdü. Furtsevanın ondan əvvəlki, İkinci Yekaterina kimi pozğun və qəddar imici vardı. İstədiyini ələ keçirmək yolunda çirkin üsullardan da çəkinmirdi. O, Maqomayevin konsert proqramını məhdudlaşdırır, qazancını araşdırır, təftiş etdirirdi. Lakin Müslüm öz prinsiplərinə xəyanət etmədi. Yırtıcı xislətli qadın qisas məqsədilə onun karyerasını əngəlləməyə çalışdı. Ona himayədarlıq edən şəxs məhz bu zaman və bu səbəbdən Brejnevin gözünü ehmalca açdı. Maqomayevin yolundan son maneə belə götürüldü.

O da məlumdur ki, Maqomayevin səsi yazılmış vallar xaricdə qısa müddətdə 5 milyonluq tirajla satıldı. Ona “Qızıl val” mükafatı verildi. Qonorarı isə, o dövrün siyasi ənənəsinə əsasən, sovet dövləti öz büdcəsinə mənimsədi.

M.Maqomayev xaricə, konsert səfərinə buraxıldı. Avropa, Asiya, Amerika... Parisdə ona qalmaq təklifi gəldi. Komsomolçu Müslüm isə “qızıl qəfəs”ə qayıtmağı üstün tutdu.

Bu yerdə meydana yenə əmi çıxır. O, kifayət qədər yüksək vəzifə tuturdu: Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyirdi. Dövlət təhlükəsizliyi orqanları ilə də şərəf gətirməyən əlaqəsi vardı. Belə əlaqə isə insanı cılızlaşdırır. Bu səbəbdən, əmi Müslümün gələcəyini məhz SSRİ-də – qondarma fəxri adlarda, 1-2 mənzildə, cumbulu “Jiquli” sükanı arxasında, nəzarət altında olan 500 manatlıq qonorarda görürdü. Halbuki, Qərbdə hər konserti ona minlərlə dollar qazanc gətirər, doqquz mərtəbəli binada mənzil əvəzinə Kurşaveldə villa bəxş edərdi. Əmi bunu anlamırdı? Yoxsa öz beşgünlük vəzifəsinə bu dərəcə möhkəm mıxlanmışdı? Əminin böyüklüyü onda olardı ki, qardaş balasına deyəydi: “Söhbət aramızda qalsın. Bu dəfə təklif ilə razılaş. Daha yaxşı şərtləri qəbul et və həmişəlik orada qal, yaşa. Məni düşünmə”. Son iki sözlə əmisi Müslümü qul həyatından azad edərdi. O isə ürəksiz, cəsarətsiz oldu. Çünki özü də sistemin qulu idi. Bununla da, Müslüm Maqomayev sovet quruluşunun potensial xarabalığında diri-diri basdırıldı.

Maqomayev cəmi 66 yaşında vəfat etdikdə, çoxları deyirdi ki, biz gözəl müğənnini itirdik. Əslində, müğənni fiziki ölümü baş verəndə deyil, ifaçılığı kənara qoyanda “itir”. Müslüm isə artıq neçə il idi ki, oxumur, konsert vermir, val, disk yazdırmırdı. Arvadı, dostları ona siqaret çəkməyi tərgitdirə bilmirdilər. Öz iradəsi də çatmırdı. Həyatını itirən o oldu, sevimli insanı, müğənnini itirən – biz.

Müslüm Maqomayev, əlbəttə, çox gözəl, yaraşıqlı, cəlbedici oğlan, sonra kişi idi. Səsi, istedadı, ifaçılıq bacarığı da göz qabağında. Onunla şəxsən tanış olmayanlar televiziya süjetlərındən, müsahibələrdən əminliklə duyurdular ki, Müslüm çox tərbiyəli, təmkinli, istiqanlı, davranışda sadə insandır. Bu insan mürəkkəb dövrdə Azərbaycan mədəniyyətini, vokal sənətini öz çiyinlərində saxlayan azsaylı əjdahalardan biri idi. Etiraf edək ki, sevsək də, qədrini bilmədik.

A.ƏZİZ