Türkiyə yeni hərbi bazalarını bu ölkədə yaradacaq – “Reuters”

Türkiyənin yeni hərbi hava bazaları qonşu Suriyanın mərkəzində yaradıla bilər. 

Feb 5, 2025 - 11:44
Türkiyə yeni hərbi bazalarını bu ölkədə yaradacaq – “Reuters”

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə və “Mada Masr” portalına istinadən xəbər verir.

Suriya və Türkiyə hökumətlərindəki mənbələrə istinadən verilən məlumatda bildirilir ki, fevralın 4-də Palmira yaxınlığındakı hərbi aerodrom, eləcə də Tiyas kəndi yaxınlığındakı T4 aviabazası variant kimi nəzərdən keçirilib.

Qeyd edək ki, həmin gün Suriyanın yeni lideri Əhməd əl-Şaraa Ankaraya gələrək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Əhməd əl-Şaraa bildirib ki, ölkələr regionda təhlükəsizlik təhdidlərinə qarşı çıxmaq və strateji tərəfdaşlıq yaratmaq üçün birgə strategiya üzərində işləyirlər.

Türkiyə lideri bildirib ki, Suriyanın şimal-şərqində kürd silahlılarına qarşı birgə mübarizə, həmçinin İsrail Müdafiə Qüvvələrinin Qolan Təpələri bölgəsindəki ərazilərdən çıxarılması müzakirə olunub. Danışıqlardan sonra siyasətçilər hər hansı saziş bağlamayıblar. 

Lakin Suriya təhlükəsizlik dairələrindəki mənbə “Mada Masr”a bildirib ki, Türkiyə hava bazaları və hava hücumundan müdafiə sistemlərinin yaradılması üzərində işləyir: “Tezliklə Suriya ilə qarşılıqlı müdafiə sazişi imzalaya bilər. Bu, Türkiyəyə Suriyanın hava məkanından hərbi məqsədlər üçün istifadə etməyə imkan verəcək”.

Onun sözlərinə görə, Tiyas və Palmirada bazalar yaradıla bilər. Hər iki yaşayış məntəqəsi ölkənin mərkəzində yerləşən Homs vilayətində, bir-birindən 60 km məsafədə yerləşir. Orada yerləşən hərbi obyektlər hazırda Suriya Hərbi Hava Qüvvələrinə məxsusdur.

Qeyd edək ki, “Türkiye” qəzeti əl-Şaraanın Ankaraya gəlişi ərəfəsində yazıb ki,  iki yeni bazada Türkiyə Hərbi Hava Qüvvələrinin 50-yə qədər F-16 qırıcısı yerləşdirilə bilər.
   
Xatirə SADİQ