"Ukrayna seçkilərə hazırlaşmır, mümkün deyil" - David Araxamiya 

“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya hökumətin Ukraynada seçkilərə hazırlaşdığını inkar edib.

Feb 17, 2025 - 14:02
"Ukrayna seçkilərə hazırlaşmır, mümkün deyil" - David Araxamiya 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Araxamiya bu barədə “telegram”da yazıb.

“Görürəm ki, yenə seçkidən söhbət gedir. Müharibə zamanı ilk dəfə deyil. Ona görə də bir daha xatırlatmaq istəyirəm ki, birincisi, hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi qeyri-mümkündür. İkincisi, Jan Mone dialoqu çərçivəsində bütün fraksiya və qrupların rəhbərləri seçkilərin hərbi vəziyyətin başa çatmasından ən geci 6 ay sonra keçirilməsi barədə razılığa gəliblər. Hər kəsə sənədi bir daha oxumağı tövsiyə edirəm”, - deyə Araxamiya yazıb.

Fraksiya rəhbərinin bəyanatı ölkənin keçmiş prezidenti, “Avropa həmrəyliyi” partiyasının lideri Petro Poroşenkonun yerli KİV-ə müsahibəsindən sonra yazılıb. Poroşenko iddia edib ki, Ukraynada seçkilərə hazırlıq başlanıb. O, bunu sübut edən faktlar arasında seçicilərin reyestrinin bərpası üzrə işlərin başlanılmasını və “Ukrayna” poliqrafiya kombinatının hökumətdən seçkilər üçün bülletenlərin çapı xərclərinin hesablanması tapşırığını aldığını göstərib. 

Xatirə SADİQ