Yaşadığı qadının 117 min manatını aldı - Ramanada ev tikib satacaqdılar...

Qeyri-rəsmi ailə münasibətində olduğu qadının 117 min manatını mənimsəyən şəxslə bağlı hökm çıxarılıb.

Sep 25, 2026 - 18:59
Yaşadığı qadının 117 min manatını aldı - Ramanada ev tikib satacaqdılar...

SAVASHMEDİA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə 1981-ci il təvəllüdlü şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib.

Təqsirləndirilən şəxslə zərərçəkmiş qadın 2023-cü ildən tanış olublar və aralarında qeyri-rəsmi ailə münasibəti yaranıb. Daha sonra onlar Ramana qəsəbəsində torpaq alıb ev tikmək və həmin evləri baha qiymətə sataraq qazanc əldə etmək barədə razılaşıblar.

Qadın bu məqsədlə ona müxtəlif vaxtlarda ümumilikdə 117 min manat verib. Pulun alınmasını təsdiqləyən qəbzlər, bank köçürmələri, səs yazıları və video görüntülər məhkəmədə araşdırılıb.

Sonradan tərəflərin münasibətləri pozulub və qadın pulunu tələb edib. Təqsirləndirilən şəxs evini sataraq pulu qaytaracağını bildirib. İş materiallarında təqsirləndirilən şəxsin qadına 69 min manat ödədiyi göstərilib.

Zərərçəkmiş qadın məhkəmədə şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmə şəxsi 5 il müddətinə azadlıqdan məhrum edib. Lakin cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunub.

Təqsirləndirilən şəxs məhkəmə zalında azadlığa buraxılıb. Ondan başqa yerə getməmək barədə iltizam alınıb.

Oğuz