Yaxşı nədir? - HEÇNƏDİR!
Ali təhsilli müəllimə məni doğum günü münasibətilə təbrik edərkən dedi: "Arzulayıram ki, pis xəstəliyə tutulmayasınız".
Qulaqlarıma inanmadım. Soruşdum: "Demək istəyirsən yaxşı xəstəliklərim olsun?". "Bəli, yaxşı xəstəliyiniz olsun ".
Müəllimə öz səhvini başa düşməmişdi, üstəlik, onu möhkəmləndirirdi. Sonradan mənə "tərcümə" etdilər ki, rayonda "pis xəstəlik" dedikdə xərçəng nəzərdə tuturlar. Əslində, "xərçəng" sözü biədəb deyil. Niyə ondan çəkinirlər?
Bunun cavabına keçən əsrin birinci yarısında Mixail Bulqakov "Usta və Marqarita" əsərində işarə etmişdi. Kitabda qorxunc ifritin adının çəkilməsinə tabu - qadağan var idi. Guya onun adını deyəni pis şey gözləyir: həmin əcaib məxluq insanın qarşısında peyda olur və ona zərər yetirir. Bu nadanlıq, küt fikir çox qədim vaxtlardan gəlir. Məhz nadanlıq və əsassız qorxu nəticəsində bütün inanclar, dinlər meydana çıxıb.
Onları yaradan da, yaşadan da nadanlıqdır. Bir neçə il bundan əvvəl dünya liderləri kainatın yeni kəşf olunmuş sirlərini açıb, dinləri ifşa etmək fikrinə düşmüşdülər. Lakin bu niyyətdən tezliklə daşındılar. Güman etmək olar ki, Ələkbər Sabirin ölməz misralarını oxudular: "Səs salma, yatanlar ayılar, qoy hələ yatsın. Yatmışları razı deyiləm kimsə oyatsın".
Faciə ölmək deyil, sağlam yaşamamaqdır. Dünya müharibəsində babam növbəti dəfə yaralanıb hərbi hospitala düşmüşdü. Hərəni öz yarası, öz dərdi ağrıdırdı. Lakin palatadakı bir yaralını gördükdə, hamı səbir tapıb onu düşünürdü. Həmin əsgər iki qolunu və iki qıçını itirmişdi. Dibindən! Həkimlərə, tibb bacılarına göz yaşları içində yalvarırdı ki, onu öldürsünlər. Axı istəsə də, özünə xətər yetirə bilmirdi - ayaq yox idi ki, pəncərəyə yaxınlaşsın, əl yox idi ki, damarını kəssin.
Sancan ürəklər, ağrıyan böyrəklər, zəif gözlər, sınan bellər, büdrəyən ayaqlar, əyilmiş barmaqlar, taqətsiz qollar... Bunlar get-gedə qalır keçmişdə. Qarşıdan uzunömürlü "balqabaqlar" dövrü gəlir. Ağrısız xəstəlikdir. İnsan fikrə qərq olur. Nə düşünür? Heç nə. Televizorun ekranında, kompyuterin monitorunda kadr donub qaldıqda nəsə düşünür?
Beynin zəifləməsi təkcə tam şəkildə donmaqla ifadə olunmur. Bəzi "demenslər" danışır, hətta çox danışır, mühakimə yürüdür, mübahisə edirlər. Lakin düşüncə səviyyəsinin aşağı düşdüyünü özləri də bilmirlər, onların vəziyyətində olan həmsöhbətləri də anlamırlar. Zərərçəkən isə belələri ilə ünsiyyətə məhkum olan sağlam insanlardır.
Daha bir bəla burasıdır ki, həmin xəstəlik getdikcə cavanlaşır. Son elmi tədqiqatlar göstərir ki, 40 yaşınadək əhali arasında xəstələnmə hallarının sayı bir neçə il ərzində dörd dəfə artıb. İlkin simptomlarından biri - unutqanlıqdır. Yaddaş zəifləyir. İnsan demək istədiyini unudur. Özünüzü bu xəstəlikdən qoruyun. Hansı? Demədim? Lap xarab olub yaddaş. Sən də bir yerə yaz kı, unutmayasan. Amma hara yazdığını yadında saxla. Təəssüf, belə də olur. Demensiya.
Pis və yaxşı xəstələr var. Pis və yaxşı həkimlərə də rast gəlirik. Xəstəliyin isə yaxşısı, pisi yoxdur. Onlar ilan kimidir - ağ və qara. Hamısına lənət!
A.ƏZİZ