ABŞ vətəndaşlığı olan qadın Moskvada saxlanıldı

Moskvanın Vnukovo hava limanında Rusiya və ABŞ vətəndaşlığı olan qadın saxlanılıb. 

Jul 18, 2025 - 16:09
ABŞ vətəndaşlığı olan qadın Moskvada saxlanıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Frans-Presse” agentliyi Rusiya Federal Gömrük Xidmətinə (FGX) istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya gömdükçüləri ikili vətəndaşlığa malik olan qadını ölkəyə qeyri-qanuni yolla odlu silah gətirməyə cəhddə ittiham edirlər. 

Saxlanılan şəxs Türkiyədən keçməklə ABŞ-dən Moskvaya gəlib və Vnukovo hava limanında bəyan ediləsi malları olmayan sərnişinlər üçün nəzərdə tutulan “yaşıl dəhliz”ə daxil olub. Lakin onun baqajına “təsadüfi” baxış zamanı gömrükçülər “Colt Commander” markalı tapança və üç boş mağazin aşkar ediblər. Bundan başqa, onun əşyaları arasında 138 min ABŞ dolları məbləğində bank çeki tapılıb. Saxlanılan şəxs guya bildirib ki, Rusiyaya daxil olarkən silah bəyan etmək və yoxlamadan keçmək zərurətindən xəbəri olmayıb.

Faktla bağlı odlu silah qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb. 

2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra Rusiya hakimiyyəti müxtəlif bəhanələrlə Amerika vətəndaşlarını dəfələrlə həbs və mühakimə edib. Onların arasında “Azad Avropa Radiosu”nun tatar-başqırd xidmətinin redaktoru Alsu Kurmaşeva da olub. 

Donald Trampın yanvar ayında Ağ Evə qayıtmasından sonra bu cür hadisələr daha az baş verirdi, hətta saxlanılanlardan bir neçəsi xüsusi elçi Stiv Uitkoffun vasitəçiliyi ilə həbsdən azad olunaraq Amerikaya qaytarılmışdı. Lakin ABŞ prezidentinin bu yaxınlarda Putinə qarşı ritorikasının sərtləşməsindən sonra, görünür, Moskva köhnə “ənənəsinə” qayıtmağı vacib hesab edib. 

Xatirə SADİQ