“Aİ buna imkan verməyəcək” - Ursula fon der Lyayen
“Avropa İttifaqı (Aİ təcavüzkarın qaz və neftindən asılılığının bərpasına imkan verməyəcək”.
SAVASHMEDİA.az Avropa Komissiyasının saytına istinadən xəbər verir ki, bunu qurumun prezidenti Ursula fon der Lyayen Avropa Parlamentindəki çıxışında deyib.
“Bəziləri hələ də deyirlər ki, biz yenidən Rusiya qazı və neftinə kranı açmalıyıq. Bu, tarixi miqyasda səhv olardı. Biz isə buna imkan verməyəcəyik. Rusiyadan asılılığımız təkcə təhlükəsizliyimizə deyil, həm də iqtisadiyyatımıza ziyan vurur. Enerji qiymətlərimiz düşmən qonşu tərəfindən diktə edilə bilməz. Bizə Rusiyanın qalıq yanacaqlarından tədricən imtina etmək üçün son təkan lazımdır”, - deyə sayt Avropa Komissiyasının prezidentindən sitat gətirir.
Ursula fon der Lyayen Rusiyanın enerji mənbələrindən tamamilə imtina etmək üçün yeni “yol xəritəsi”ni dəstəkləyib və qeyd edib ki, Rusiya tədarükçü kimi özünün etibarsızlığını dəfələrlə sübut edib.
“Putin artıq 2006, 2009, 2014, 2021-ci illərdə və bütün müharibə boyu Avropaya qaz axınını kəsib. Onlar dərs almadan bu, neçə dəfə baş verməlidir””, - deyə Avropa Komissiyasının prezidenti sual edib.
O, etiraf edib ki, son dövrdə Avropanın Rusiyadan enerji idxalında kiçik artım müşahidə olunur. Lakin o, bunun müvəqqəti olacağını proqnozlaşdırıb.
“Biz həmçinin Rusiyanın müharibə aparmaq qabiliyyətini sarsıtmağa davam etməliyik. Bizim təhlükəsizlik sahəsində əsas marağımız Putinin döyüş sandığını maliyyələşdirməyi dayandırmaqdır”, - deyə fon der Lyayen əlavə edib.
O, xatırladıb ki, müharibənin əvvəlində Aİ Rusiyanın qalıq yanacaqlarına görə ayda 12 milyard avro itirirdisə, bu gün bu xərcləri ayda 1,8 milyard avroya qədər azaldıb.
Xatirə SADİQ