Aramızda qalsın - 3

Onlarla iki dəfə eyni dövlətin tərkibində yaşamışıq. Əvvəlcə çar Rusiyasında, sonra rus sovet imperiyasında.

Aug 14, 2025 - 12:08
Aramızda qalsın - 3

Estoniya, Latviya, Litva. Çarizm süquta uğradıqda bu üç ölkə müstəqillik qazandı. SSRİ yaradıldıqda tale onları, eləcə də Polşanı, Finlandiyanı, Bessarabiyanı, Qərbi Belorusiyanı, Qərbi Ukraynanı xalqların məhbəsindən kənarda qoydu. Lakin 1940-cı ildə alçaq rus imperatoru Stalin həmin üçlüyü də qanlı caynağına keçirdi.

1992-ci ilə qədər birlikdə acı müstəmləkə taleyini bölmüşük. Amma yanaşı bağlansaq da, heç vaxt “həmrəng” və “həmxasiyyət” olmamışıq. Çünki fərqimiz elə dərin, elə kəskin idi ki...

ESTONİYA. Orada da kommunist partiyası, partiya orqanları var idi, Azərbaycanda da.

Bizim rayon partiya komitələrinin binasına daxil olanda qarşını milis işçisi kəsirdi, kimin yanına getdiyini soruşurdu.

Bakı şəhər partiya komitəsinin arxasındakı qəbul otağında səni kiçicik pəncərədən dinləyib müəyyən cavab verirdilər. Binaya baş qapıdan giriş isə hətta rayon partiya komitələrinin məsul işçisi olan təlimatçılar üçün də bağlı idi. Maneəsiz keçid hüququ vəsiqəni göstərməklə raykomun şöbə müdirindən başlanırdı. Alınmaz qalaya çevrilmiş partiya orqanını isə içəridən qeyri-sağlam rəqabət, intriqa, ədavət çatladırdı. Məsələn, həmkarı S-nin kabinetdə olmamasından istifadə edərək onun iş stolundan məxfi qrifli sənədi oğurlamışdı. S-ni cəzalandırdılar...

Azərbaycan KP Mərkəzi Komitəsinin binasına giriş isə...

Gəl mən sənə Tallinndən danışım. Estoniya KP MK-nın binasına hər bir kommunist üzvlük biletini göstərib keçə bilərdi... Vəssalam!

LATVİYA. Azərbaycandan gəlmiş vəzifəli şəxs Riqada Nazirlər Soveti sədrinin müavini ilə söhbət edirdi. Görüş işgüzar xarakter daşıyırdı. Bir müddət sonra dəhlizdə zəng səsləndi. Sanki məktəb zəngi idi. Latış məmur yerindən qalxıb sənədləri, qovluqları səliqəyə saldı, çantasını yığışdırdı. Bakılı qonaq təəccüblə soruşdu:

– Nə isə baş verib?

– İş vaxtı qurtardı. Hamı binanı tərk etməlidir. 15 dəqiqədən sonra mühafizəçi kabinetləri yoxlayıb qapıları bağlamalıdır. Onu ləngitmək olmaz.

Yəni, “sən də bas bayıra!”.

Bəs Azərbaycanda? MK-nın katibi, Nazirlər Sovetinin sədri və konkret sənin nazirin evinə yollanmamış, yerindən tərpənə bilməzdin. Əgər qoca katib, yaxud nazir səhər evdən çıxarkən qarısı ilə dalaşmışdı və indi evə getməyə tələsmirdisə, sən də otağında qalıb qələt et!

LİTVA. O vaxt pensiya yaşı artıq 65 idi. Nüfuzlu idarəyə yüksək vəzifəyə mütəxəssis axtarırdılar. Seçim 2 nəfər namizədin üzərində dayanmışdı. Birinin 35, digərinin 50 yaşı var idi. Mənim üçün gözlənilmədən üstünlük yaşlıya verildi.

Çoxbilmişləri əvvəldən sakitləşdirim – heç bir tapşırıq, telefon zəngi, qohumluq, yerlibazlıq, rüşvət orada işləmir.

– Bəs niyə yaşlı? - deyə kadr məsələlərinə baxan məmurdan soruşdum. – Axı 15 ildən sonra o, pensiyaya çıxacaq.

– Vaxt çatanda hamı pensiyaya çıxır. Amma o, şübhəsiz, daha təcrübəlidir. Bəs bu təcrübəni, biliyi sandığa qoymalıdır? Həyatda artıq hər şeyi görüb, öyrənib, bacarır. Bütün yaxşı və xoşagəlməz vəziyyətlərdə olub. Hər cür səhv edib və səhvini düzəldib. Cavanın hələ duyacağı ehtirasları o, artıq duyub. Cavan yarışmaq istəyir, qoca – çalışmaq. Qoy hərəsi öz istəyinə çatsın! Cavan kifayət qədər savadlı və bacarıqlı olsa da, səhvləri hələ qabaqdadır. Biz isə idarəmizi sınaq poliqonuna çevirməli deyilik.

İndi özün fikirləş, kimdir müdrik. Litvalı – soyuq Şimal insanı, yoxsa özünü Şərq müdrikliyinin daşıyıcısı hesab edən azərbaycanlı?

Litvanın Dövlət Təhlükəsizliyi Komitəsi partiya MK-nın tapşırığı ilə arxivləri açaraq, stalinizm dövründə Sibirə, Uşaq Şərqə sürgün olunmuş və orada vəfat etmiş litvalıların siyahısını tutmuşdu. Hələ sovet dövründə, o cümlədən 1980-ci illərdə, onların nəşi aşkar edilib vətənə qaytarılırdı. Mütəmadi, mütəşəkkil. Hər kəs vətəndə torpağa basdırılmaq haqqına malikdir! Hər kəs – peşəsindən, yaşından, bir vaxt tutduğu vəzifəsindən və mənşəcə hansı bölgəyə mənsubiyyətindən asılı olmayaraq. Biz isə yalnız Hüseyn Cavidin sümüklərini gətirib, indiyədək ağzımıza çullu dovşanı dürtə bilmirik...

Bu gün Estoniya, Latviya və Litva Avropa İttifaqının, NATO-nun fəal üzvüdür, Rusiyanın imperiya iddialarına qarşı beynəlxalq demokratik cəbhənin ön xəttində sipər kimi durub. Lakin hər birimiz bilməliyik ki, dövlətin mənəvi dəyəri onun ərazisinin sahəsi, əhalisinin sayı, ümumdaxili məhsulunun həcmi, ordusunun gücüylə yox, xalqının düşüncə saflığı ilə ölçülür. Adi vətəndaşdan tutmuş adi hökmdara qədər. Qeyri-adi hökmdar isə olmur. Bunu indiyədək başa düşməmisəmsə, məni günahlandırma. Səmimi etiraf et – aramızda qalsın.

A.ƏZİZ